İran 7-ci qaz nəqli boru kəmərindən Fars körfəzində yerləşən ən böyük adaya - Qeşm adasına qaz boru kəməri çəkməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Milli Qaz Şirkətinin texnologiya və araşdırmalar idarəsinin müdiri Möhsün Məzlum Farsibaf Qeşm Azad Ticarət Zonasında neft, qaz və neft-kimya sektorunda investisiya imkanlarının tanıtdırılması üzrə keçirilən konfransda deyib. Bu barədə Trend IRNA-ya istinadən məlumat verir.
M.M.Farsibafın sözlərinə görə, gələn ilədək Qeşm adasının qazla təmin olunacağı gözlənilir. 59 km uzunluğunda boru kəmərinin çəkilməsi üçün 25 milyon avro vəsait ayrılıb.
Farsibaf əlavə edib ki, ilk mərhələdə Qeşm adasında gündəlik 25 milyon kubmetr qazın nəql olunması nəzərdə tutulub. Bu qaz boru kəməri Fars körfəzinin dibi ilə çəkilir.
“İranda qaz hasilatı potensialı artıb. Hal-hazırda İranda 6 milyon barel xam neft ölçüsündə təbii qaz hasil olunur” –deyə o qeyd edib.
Qeyd edək ki, İranın gündəlik təxminən 2 milyon barel xam neft və 930 milyon kubmetr zəngin qaz hasil etdiyi bildirilir.
Əlavə edək ki, İranın 7-ci qaz nəqli xəttinin uzunluğu 902 km-dir. Bu qaz xətti İranın cənubunda Buşehr vilayətindən başlayaraq İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətinə qədər uzanır.