“Co Baydenin ABŞ prezidentliyi dövründə NATO-nun fəaliyyəti xüsusilə Şərqi Avropada daha təlatümlü olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı siyasi analitik Anna Aryamova deyib.
Ekspert NATO-nun Baltikyanı ölkələrdə Rusiyaya qarşı hərbi mövqelərini daha da gücləndirəcəyini iddia edib.
Aryamova hesab edir ki, Rusiyanın yaxın qonşuları olan Baltikyanı dövlətlər NATO ilə birlikdə Moskva əleyhinə yeni bir platforma qurmağa hazırdırlar. O, bu məqsədlə bölgə ölkələrinə irihəcmli pulların ayrılacağı ehtimalını da istisna etməyib.
Analitikin sözlərinə görə, hərbi-siyasi ittifaq Baltikyanı respublikaların ABŞ-a sadiq olan hökumətləri ilə təmas və əməkdaşlığı daha da sıxlaşdıracaq:
Aryamova NATO və ABŞ-ın həmlələrinə adekvat olaraq, bölgədə Rusiya təhlükəsinin daha da böyüyəcəyini bildirib. O, buna görə NATO və ABŞ-ın məsuliyyət daşıyacağını söyləyib.
Qeyd edək ki, NATO struktur islahatlarına hazırlaşır. İslahatlar yalnız təşkilat üzvlərini deyil, alyansa qonşu olan ölkələri də əhatə edəcək. Co Baydenin ABŞ-da hakimiyyətə gəlişi ilə başlayan radikal dəyişiklik çərçivəsində strateji planların hazır olduğu da iddia edilir. Yeni strategiyaya Ukrayna, Baltikyanı ölkələr və Qara dəniz bölgələrini əhatə edəcəyi bildirilib.
NATO Baş katibi Yens Stoltenberq ittifaqın Rusiya ilə münasibətlər üçün fərqli variantları nəzərdən keçirdiyini söyləyib.
O, silahlanma yarışının yenidən başlama riski üzündən Moskva ilə münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova NATO-nun ölkənin daxili işlərinə açıq şəkildə müdaxilə etdiyini deyib.