Türk ordusu Şimali İraqın Metina, Zap, Avaşin, Basyan və Qəndil bölgələrində əməliyyata başlayıb.
Teleqraf.com xəbər verir ki, təhlükəsizlik və terror məsələləri üzrə mütəxəssis Abdulla Ağar Türk Silahlı Qüvvələrinə aid qırıcıların hazırda İraqın şimalındakı PKK sığınacaq və anbarlarına hava zərbələri endirdiyini açıqlayıb.
Metina, Zap, Avaşin, Basyan və Qəndil türk qırıcıları tərəfindən yerlə-yeksan edilib.
Qəndil bölgəsinə doğru Diyarbəkirdən havaya qalxan F-16-lar hava zərbələrinə başlayıb. Ardınca helikopterlər əraziyə xüsusi təyinatlıları endirib.
Türk Silahlı Qüvvələrindən əldə edilən ilkin məlumatlara görə, 50-dən çox qırıcı havaya qaldırılıb. F-16 qırıcıları eniş etmədən əməliyyat müddətində havada qalan tanker təyyarələrindən yanacaq əldə edirlər.
Türkiyənin milli hərbi sənayesinin məhsulu olan “Atak” helikopterləri isə ərazidən qaçan terrorçuları hədəfə alır.
Bundan başqa Pilotsuz Uçuş Aparatları (PUA) da terroristlərin qaçacağı yolları nəzarətə alır.
Qeyd edək ki, baharın gəlişi ilə birlikdə əməliyyat zonasında hava şəraiti artıq münasib hesab olunub. Çünki məhz bu istiqamətlərdən terrorçuların Türkiyəyə sızması halları müşahidə olunur. İndi Türkiyəyə sızmağa hazırlaşan terrorçuların ağır itkilər verdiyi bildirilir.
Dünən gecədən başlayan əməliyyatın 2016-cı ilin 30 avqustunda başlayan quru qoşunları əməliyyatının yeni siqnalı kimi qiymətləndirilir. 23 aprel 2021-ci ildə başlayan bu əməliyyat yarımçıq qalan əməliyyatların tamamlanmasına hesablanıb.