20 May 2021 14:41
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Myanmada fevralın əvvəlindəki hərbi çevrilişdən sonra bu ölkədə vəziyyət gərgin olaraq qalır. Generallar hakimiyyəti siyasətçilərə qaytarmaq fikrində deyillər. Aparılan danışıqlar nəticə vermir, generallara boyun əyməyənlər təqib olunurlar. Böyük dövlətlərin Myanmadakı genaralları yola gətirmək təşəbbüslərinin də nəticəsi yoxdur”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik materialında bildirilib.

Məqalədə qeyd edilib ki, generalların dəstək aldıqları iki dövlət də bəllidir – Çin və Rusiya:

“Bu iki dövləti Myanmada hakimiyyətin yenidən siyasətçiləri qaytarılması maraqlandırmır. Rusiya Myanmaya daha çox silah satmaq, Çin də Myanmanı Qərbdən uzaq tutmaq barədə düşünür. Bu arada, Myanmanı tərk edənlərin sayı artır. Misal üçün Hindistanda sığınacaq tapan Myanma sakinlərinin sayı 15 min nəfəri ötüb. Təkcə apral ayında Myanmadan Hindistana qaçanların sayı 2 min nəfərə yaxın olub. Hindistan rəsmiləri bildirirlər ki, Myanmanı tərk edərək Hindistana sığınanların sayı durmadan artır. Gələnləri ərzaqla təmin etmək və tibbi ehtiyaclarını ödəmək asan deyil. Hindistanda pandemiya geniş yayılıb. Məlum olub ki, Myanmadan gələnlərin də bir qismi özləri ilə virusu gətirirlər. Yəni problemin üzərinə yenisi gəlib.

Hindistandan fərqli olaraq Myanmadan Çinə qaçan yoxdur. Bunun sadə səbəbi var. Myanmada hərbi çevrilişi həyata keçirən generalların arxasında məhz Çinin dayanmasına dair ciddi şübhələr var. Odur ki, hərbi çevrilişə qarşı çıxan insanlar sığınacaq yeri kimi Çini seçməzlər”.

Hindistana gəldikdə, məqalədə vurğulanıb ki, virusla mübarizədə xəstə sayının artmasının qarşısı nisbətən alınsa da, bu ölkədə vurisun fərqli növləri tapılır:

“Virusun yeni növlərinin başqa ölkələrə də yayılmaması üçün Hindistanın hərtərəfli dəstəyə ehtiyacı var. Hindistandakı xəstəxanalarda oksigen çatışmazlığı mövcuddur. Birinci növbədə bu problemin aradan qaldırılması vacibdir.

Alimlər hesab edirlər ki, bu gün Hindistana yardım etməklə bəşəriyyəti problemdən qurtarmaq olar. Çünki Hindistanda virusun müxtəlif növlərinin yayılması başqa dövlətlərə də keçə bilər. Dünyanın müxtəlif ölkələrində hindlilər yaşayır və çalışırlar. Çindən də virus Avropaya eyni üsulla keçmişdi. Avropa ölkələri Çinin ucuz işçi qüvvəsindən istifadə edərkən virusun yayılmasının qarşısını ala bilmədilər. Nəticədə Çinin Vuhan şəhərində ilk qeydə qalınan virus daha sonra Avropaya sıcradı. Bu gün Vuhanda nə virus var, nə də virusdan Çində ölən, Avropada isə həm virus var, həm də ölənlərin gündəlik sayı minlərlərdir. Ona görə də bəşəriyyət eyni səhvi təkrarlamaq istəmir.

Hindistanın Çindən fərqi odur ki, Dehli virus və onun yeni növləri barədə ölkələri və beynəlxalq təşkilatları məlumatlandırır ki, birgə səylərlə problemi həll edə bilsinlər. Pekin isə virus və onun yayılması gücü barədə məlumatları ilk aylarda gizlətdi ki, bunun ağır nəticəsi bütün ölkələr öz üzərlərində bugünə qədər hiss edirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər