Livanın şimal-qərbində maye qaz tankerinin partlaması nəticəsində azı 22 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın Qızıl Xaç Cəmiyyətinin məlumatında deyilir.
Təşkilatın rəhbəri Corc Kettan tvitterdəki hesabında bildirib ki, Akkarda baş vermiş hadisə zamanı daha 79 nəfər xəsarət alıb. Onun sözlərinə görə, partlayış nəticəsində daha bir neçə nəfər itkin düşüb.
“Partlayışın səbəbi naməlum olaraq qalır, hadisə yerində yaralıları Tripolinin şəhəri xəstəxanalarına çatdıran 24 təcili tibbi yardım briqadası işləyir. Xəsarət alanların əksəriyyətində müxtəlif dərəcəli yanıqlar var”, - o qeyd edib.
MTV telekanalının məlumatına görə, çəndə 60 min litr mazut olub. Hadisə Bakı vaxtı ilə saat 04:30-da baş verib. Şahidlərin sözlərinə görə, xilasedicilər alovu lokallaşdıra biliblər.
Daha əvvəl “Al Arabiya” telekanalı da hadisə zamanı 20 nəfərin həlak olduğunu xəbər verib.