Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən Maori Partiyası ölkənin rəsmi adının Aotearoa olaraq dəyişdirilməsi üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, adın rəsmiləşdirilməsi üçün qanun layihəsi hazırlayan partiya sözügedən layihəni parlamentə təqdim edə bilməsi üçün onlayn imzatoplama kampaniyasına başlayıb.
Maori Partiyası Yeni Zelandiyanın adının holland dilində olduğunu və ana dilində “Şimal Adası” mənasını verən Aotearoa olması lazım olduğunu bildirib.
İnternetdə imza toplamağa başlayan partiya ölkənin adının Aotearoa olaraq dəyişdirilməsini, eləcə də şəhərlərin, qəsəbələrin və yerlərin adlarının te reo maori dilinə qaytarılmasını tələb edir.
“Te reo maorinin bu ölkənin ilk və rəsmi dili olaraq layiq olduğu yerə qaytarılmasının vaxtı çoxdan keçib. Biz Polineziya ölkəsiyik - biz Aotearoayıq”, - partiyanın açıqlamasında qeyd olunub.
Maori partiyasının sədri Raviri Vaytiti bundan əvvəl parlamentdə haka rəqsi ilə hökumətə etiraz etdiyi üçün parlamentdən qovulmuşdu. O, bundan sonra parlamentin iclaslarına qalstuksuz qatılacağını açıqlayıb.