Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan arasında baş verən hadisələr, regional problemlər, xüsusilə Suriya, Liviya və Ukrayna, eləcə də ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə edilib.
Regional məsələlərlə yanaşı, Ukraynanın Türkiyədən aldığı “Bayraktar” pilotsuz uçan aparatları da gündəmdə olub.
Kremlin açıqlamasına görə, Putin Ukraynanı ölkənin şərqində rusiyayönlü qüvvələrə qarşı “Bayraktar” pilotsuz təyyarələrindən istifadə etmək kimi “təxribatçı” addımlar atmaqda ittiham edib.
Ukrayna oktyabr ayında Türkiyədən aldığı “Bayraktar” PUA-larını ilk dəfə ölkənin şərqindəki separatçılara qarşı istifadə etdiyini açıqlayıb. Bu, Rusiyada narahatlığa səbəb olub.
G-20 Sammiti çərçivəsində Romada rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Ankaraya qarşı təpkisinə cavab verib. O deyib ki, Ukraynaya PUA satışına görə Türkiyəni qınamaq və ittiham etmək olmaz.