Danimarkanın keçmiş miqrasiya və inteqrasiya naziri İnqer Stoeyberqin miqrantlarla bağlı verdiyi qərarlar müzakirə mövzusuna çevrilib.
Teleqraf.com xəbər verir ki, sabiq nazir sığınacaq üçün müraciət etmiş bəzi gənc cütlükləri qanunsuz olaraq ayırmaqda ittiham olunduğu məhkəmədə 60 gün həbs cəzasına məhkum edilib.
Ali Məhkəmənin qərarından şikayət verilə bilməz. Şərtsiz həbs cəzası çəkmək qərarı həm də Stoeyberqin siyasi karyerasının sonu ola bilər. Stoeyberq isə jurnalistlərə açıqlamasında məhkəmənin qərarından təəccübləndiyini bildirib.
“Uduzan tək mən deyiləm, Danimarka da dəyərlərini itirdi”, - sabiq nazir vurğulayıb.
Stoeyberq 2016-cı ildə verdiyi qərarla qızları qorumaq və uşaq nikahları ilə mübarizə aparmaq istədiyini deyib: “Cəzamı qəbul edəcəyəm, amma peşman deyiləm”.
Məhkəmə Stoeyberqin tədbirlərini qanunsuz hesab edib.
Sağçı populist Danimarka Xalq Partiyasının dəstəklədiyi sağ mərkəzçi hökumətdə İmmiqrasiya və İnteqrasiya Naziri vəzifəsini icra edən Stoeyberq bu prosesə sərt münasibəti və məhdudiyyətləri ilə tanınır. Stoeyberq 2016-cı ilin fevral ayında 18 yaşından kiçik evli immiqrantların həyat yoldaşları ilə qalmaması barədə qərar qəbul edib. Qərar yalnız bir neçə ay qüvvədə qalıb, ona qarşı şikayətə görə ləğv edilib və bu müddət ərzində 23 evli cütlüyün ayrılması istənilib. Stoeyberqə qarşı iş suriyalı gənc cütlüyün şikayətindən sonra başlayıb. 17 yaşlı Rimaz Alkayal və həyat yoldaşı, 26 yaşlı Əl-Nur Əlvan uşaq gözləmələrinə baxmayaraq, 4 ay ayrı yaşamaq məcburiyyətində qalıblar. Həm ombudsman, həm də xüsusi komissiya tərəfindən aparılan araşdırma nəticəsinə Stoeyberqin istefaya göndərilməsi və digər qərarlarının qanunsuz olduğu qənaətinə gəlinib.
Bundan əvvəl 1995-ci ildə Danimarkanın keçmiş ədliyyə naziri Erik Ninn-Hansen şri-lankalı miqrantların ailələrini ölkəyə gətirmələrinə mane olduğu üçün 4 aylıq həbs cəzasına məhkum olunub.