Qazaxıstanda rəsmi dil statusuna malik olan rus dilinin başda reklam lövhələri olmaqla, vizual məlumatlarda məcburi istifadəsi ləğv edilib.
Teleqraf.com xəbər verir ki, yeni qərara əsasən, reklam, qiymət etiketləri, menyular, yol nişanları, kənd və tarixi yerlərin adları, xüsusilə reklam lövhələri kimi məlumatlar yalnız dövlət dilində (qazax dilində) yazılacaq.
Özəl müəssisələrin tələbi ilə qazax dili ilə yanaşı rus və digər dillərdən də istifadə etmək mümkün olacaq.
Məhsulların qablaşdırılması və yaşayış binalardakı lövhələrdəki ifadələr iki dildə yazılmağa davam edəcək. Bununla belə, məhsulların qablaşdırılmasında qazax dili səhvsiz təqdim olunmalıdır.
Bundan əlavə, qazax dilinə tərcümələrin keyfiyyətinə və əcnəbi filmlərin dublyajına diqqət yetiriləcək.
Qazax deputat Berik Abdiqaniuli bildirib ki, sözügedən hüquqi tənzimləmə ölkədə həm dövlət orqanlarında, həm də özəl sektorda qazax dilinin sistemləşdirilməsini və düzgün istifadəsini təmin edəcək.
“Bu, bütövlükdə qazax dilinin islahatı kontekstində vacibdir. Bu, ölkəmizin konstitusiyasında müəyyən edilmiş statusa uyğundur”, - Abdiqaniuli bildirib.
Qazaxıstanın konstitusiyasında qazax dili dövlət dili statusuna malikdir, rus dili isə rəsmi dil kimi göstərilir.