Türkiyə ilə Rusiya arasında əldə olunan anlaşma çərçivəsində yaradılan “Gərginliyin azaldılması bölgəsi”nə rus qırıcıları tərəfindən aramsız bomba yağdırılır.
Teleqraf.com xatırladır ki, ötən həftə Qazaxıstanda baş tutan Astana müzakirələrinin 17-ci turunun ardınca İdlib sahəsində başlayan gərginlik rus qırıcılarının bombardmanları ilə birlikdə müşahidə edilir.
Rusiya döyüş təyyarələri bir həftə əvvəl 2021-ci ilin son saatlarında İdlib və ətrafındakı müxaliflərin nəzarətində olan ərazilərə hava zərbələrini gücləndirib.
Suriya İnsan Haqları Müşahidə Qrupunun (SHOR) məlumatına görə, Rusiya döyüş təyyarələri Yeni il gecəsi və ondan sonra 12 zərbə endirib. Hücumlarda bir çox mülki yaşayış məntəqəsi zərər görüb. Hava hücumlarının artması bölgədəki dinc əhali arasında çaxnaşma mühiti yaratdığından, təhlükəsiz bölgələrə doğru köç üçün hazırlıqlar başlayıb. İdliblə yanaşı Hələbin çöl bölgələrində də rejim və müxalif qüvvələrin hərbi aktivliyində artım müşahidə olunub və bölgədə qarşılıqlı bombardmanların güclənməsi ilə Latakiyadan qalxan Rusiya döyüş təyyarələri hava hücumlarını artırıb.