Şimal qütbü (Arktika) qlobal istiləşmə təhdidi altındadır. İqlim dəyişikliyi bölgədəki yaşayış yerlərini məhv edir, canlılar üçün təhlükə yaradır.
Teleqraf.com xəbər verir ki, Şimal qütbü planetin qalan hissəsindən iki-dörd dəfə daha sürətlə istiləşir.
Bu istiləşmənin növbəti illərdə daha da sürətlənəcəyi gözlənilir. Qlobal isinmə nəticəsində “permafrost” (daimi donmmuş torpaqlar) adlandırılan torpaqlarda ərimənin sürətlənməsi bölgədəki yaşayış yerləri üçün təhlükəni artırır.
Məlumata görə, 2050-ci ilə qədər Şimal qütbünün 70 faizi əriyə bilər.
Bölgədə əriməni sürətləndirən amillər arasında qlobal istiləşmə nəticəsində yaranan temperaturun yüksəlməsi, sürüşmə və daşqınlar kimi gözlənilməz amillər var.
Arktik permafrost Kanadanın quru hissəsinin yarısı və Alyaskanın 80 faizi daxil olmaqla Şimal yarımkürəsinin quru səthinin təxminən dörddə biri deməkdir. Rusiya, Şimali Amerika və Skandinaviya da daxil olmaqla bu ərazilərdə təxminən beş milyon insan yaşayır.
İqlim dəyişikliyinin yaratdığı ərimə ilə isə yaşayış məntəqələrində binaların və magistralların təməlləri sarsılır, infrastruktur zədələnir.
Rusiyada daimi donmuş torpaqlarda tikilmiş binaların təxminən 80 faizi zədələnib.