Rəsmi Dublin Rusiyanın İrlandiya sahillərində təlim keçirməsinin nadir mavi balinalar da daxil olmaqla dəniz canlılarına zərər verə biləcəyindən narahatdır.
Teleqraf.com xəbər verir ki, İrlandiyanın dövlət naziri Malkolm Nunan Rusiyanın Dublindəki səfiri Yuri Filatova məktub yazaraq narahatlığını bildirib.
O, məktubunda Rusiyanın təliminin bəzi dəniz növləri üçün fəlakətli ola biləcəyini qeyd edib.
Nunan təlimin necə həyata keçiriləcəyini dəqiq bilmədiklərini, amma dəniz radarları kimi hərbi cihazların səslərinin nadir balina növlərinə böyük zərər verə biləcəyini deyib. Onun sözlərinə görə, belə radarlarının çıxardığı səslər balinalar kimi məməlilərin eşitmə sistemini zədələyərək qalıcı ziyana və hətta ölümə səbəb ola bilər.
Rusiyanın hərbi dəniz təlimi gələn ay İrlandiyanın cənub-qərb sahillərindən təxminən 240 kilometr aralıda keçiriləcək.
İrlandiya müdafiə naziri Saymon Koveni də real döyüş sursatından istifadə ediləcək təlimdən narazı olduqlarını, amma bunun qarşısını almağa güclərinin olmadığını bildirib.
Rusiyanın hərbi dəniz təlimi Ukraynaya görə Moskva ilə Qərb arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edir.
Rusiyanın İrlandiyadakı səfiri Yuri Filatov isə narahatlıqları həddindən artıq şişirdilmiş hesab etdiyini bildirib və planlaşdırılan təlimin İrlandiya və ya digərləri üçün təhlükə olmadığını söyləyib. Filatov təlimdə 3-4 gəminin iştirak edəcəyini açıqlayıb.