Ukraynanın Donbas bölgəsində yaşayan Axısqa türkləri Prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna-Rusiya münaqişəsində vasitəçi olacağına və bölgəyə sülh gətirəcəyinə ümid edirlər.
Teleqraf.com xəbər verir ki, 1944-cü ildə İosif Stalin tərəfindən Orta Asiyaya sürgün edilən Axısqa türklərinin bir hissəsi 1989-cu ildə Ukraynaya gəlib.
2014-cü ildə bölgədə rusiyayönlü separatçılarla Ukrayna ordusu arasında başlayan qarşıdurmalar səbəbindən onların əksəriyyəti Ərdoğanın təşəbbüsü ilə Ərzincan bölgəsində yerləşdirilib.
Donbas bölgəsində yaşayan Axısqa türkləri bu gün bölgədə baş verənlərdən gözləntiləri ilə bağlı “Anadolu”ya danışıblar.
Donetsk Axısqa Türkləri Dərnəyinin prezidenti Sədri Əhmədov 2014-cü ildə baş verən qarşıdurmalara görə bəzilərinin bölgəni tərk etmək məcburiyyətində qaldığını bildirib, mal itkisi olsa da, can itkisi yaşamadıqlarını deyib.
2014-cü ilin iyununda rusiyapərəst separatçıların geri çəkilməsi zamanı çətin günlər yaşadıqlarını xatırladan Əhmədov söyləyib: “Ərzaq tapa bilmədiyimiz günlər oldu. Bazarlar işləmirdi, avtobus dayanacaqları bom-boş idi. Hər yer səssizlik içində, insan yox idi. Çox şükür ki, o günlər geridə qaldı, indi Allaha şükür normal yaşayırıq”.
Əhmədov bölgədə 150-200-ə yaxın Axısqa türkünün yaşadığını bildirib: “Deyirlər ki, bəzi qəzalar xeyir gətirir, 2014-cü ildəki müharibə bizim vətənimizə qayıtmağımıza yol açdı”.
677 ailənin Ərzincana gəldiyini və onlardan 46-sı üçün prosesin davam etdiyini bildirən Əhmədov vurğulayıb: “Ümidimiz Ərdoğanın iki dövlətin prezidentini bir araya gətirməsidir, müharibə olmasın, hər şey dostluqla bitsin”.
Ukrayna xalqı ilə münasibətlərinin çox yaxşı olduğunu, qardaş kimi olduqlarını söyləyən Sədri Əhmədov 2014-cü ildə bura gələndə oradakı insanların kədərləndiyini bildirib.
İsgəndər Osmanov isə deyib ki, 2014-cü ildə tərəflər arasında toqquşma başlayanda bölgə bombardman edilib, bundan sonra bir müddət sığınacaqlarda yaşamağa məcbur olublar. Osmanov 32 ildir burada yaşadıqlarını və yerli əhalinin onları qəbul etdiyini vurğulayıb: “Bu müharibə heç kimə lazım deyil, mən heç yerdə müharibə istəmirəm”.
O, Ərdoğanın iki dövlət arasında vasitəçi kimi çıxış edəcəyinə ümid etdiyini bildirib.