Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən türk dünyasının mədəniyyət paytaxtı seçilən Türkiyənin Bursa şəhəri yeni yüksək sürətli qatar xəttinin tikintisi ilə dəmir yolu şəbəkəsinə inteqrasiya ediləcək.
Teleqraf.com xəbər verir ki, yeni dəmir yolu xətti Balıkesir, Bursa vilayətləri və bu vilayətlərə bağlı Yenişehir, Osmaneli rayonları arasında inşa ediləcək.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu açıqlama verib.
Yeni layihə ilə Bursanın Ankara-İstanbul yüksək sürətli qatar xəttinə də qoşulacağını deyən nazir son 20 il ərzində bu vilayətə yalnız nəqliyyat və kommunikasiya sahəsi üzrə 29,5 milyard türk lirəsi məbləğində sərmayə qoyulduğunu bildirib. Nazir Bursada 2003-cü ildə 194 kilometr olan avtomobil yolunun uzunluğunun bu gün 600 kilometrə çatdırıldığını qeyd edib.