Ukraynanın şərqində Birləşmiş Qüvvələrin Əməliyyatı bölgəsində açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dördü isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələrin mətbuat xidməti Feysbuk hesabında məlumat yayıb.
"Açılmış atəş nəticəsində iki ukraynalı hərbçi həlak olub, dörd hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb və tibb müəssisələrindədir”, - deyə gündəlik hesabatda bildirilir.
Birləşmiş Qüvvələrin komandanlığı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
***
15:13
Ukrayna ordusu ölkənin şərqində rusiyapərəst separatçıların açdığı atəş nəticəsində bir əsgərin həlak olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Donbasdakı separatçılar da bu gün atəşkəsin pozulduğunu, Ukrayna ordusunun ondan çox məntəqəni artilleriya atəşinə tutduğunu iddia edib.
NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Kremlin məqsədi sərhədlərində daha az NATO əsgəri görmək olsa da, mümkün bir işğalda daha çox NATO əsgəri görəcək: “Biz öz gücümüzü qorumaq və müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik”.
Avropa İttifaqı prezidenti Ursula von der Leyen hər hansı təcavüz halında Moskvaya qarşı maliyyə və iqtisadi sanksiyalar paketi vəd edib.
“Röyter” agentliyi şahidlərə əsaslanaraq bildirib ki, Ukraynanın şərqindəki Donetsk şəhərində birdən çox partlayış səsinin eşidildiyi barədə məlumat var.
Rusiyanın dəstəyi ilə Ukraynanın şərqində yaradılan qondarma Donetsk və Luqansk saxta respublikaları mümkün müharibə vəziyyətinə görə tam səfərbərlik elan edib. İki qondarma respublikanın rəhbərləri verdikləri ümumi səfərbərlik fərmanı ilə 18-50 yaşlı kişilərin bu şəhərləri tərk etmələrini qadağan ediblər.
Donbasda atəşkəsin pozulması nəticəsində su nassosları dağılıb, onlarla kənd sussuz qalıb.