“Ukrayna Rusiya ilə neytral ölkə statusuna və öz ərazilərində NATO-nun hücum silahlarının yerləşdirilməməsinə razılıq verə bilər”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Zaur İbrahimli deyib.
Ekspert Rusiya-Ukrayna müharibəsi ətrafındakı son duruma diqqət çəkib: “Ukraynada müharibənin dayanması üçün Moskva və Kiyevin öz şərtləri var. Tərəflər necə sövdələşə bilər?
Rusiyanın maksimalist şərtləri
- Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli, rəsmən neytral status qəbul etməli, Rusiyanın təhlükəsizliyinə xələl gətirəcək addımlar atmamalıdır.
- Krımdan rəsmən imtina etməli, qondarma Luqansk və Donetsk Xalq Respublikalarını tanımalıdır.
- Rusiya biznesinə və Kreml tərəfdarlarının ölkədə fəaliyyət üçün tam imkanlar yaratmalıdır.
- Rus dilində tədris və digər fəaliyyətlərə tam şərait yaradılmalıdır.
Ukraynanın maksimalist şərtləri
- Rusiya qoşunları bütün Ukrayna ərazisindən, qondarma Luqansk və Donetsk Xalq Respublikalarından çıxmalıdır. Krımı geri qaytarmalıdır.
- Rusiya ilə Ukrayna ərazisində NATO-nun starteji hücum silahlarının yerləşdirilməməsi ilə bağlı məsələləri müzakirə etmək olar, Kiyev bununla bağlı öhdəlik götürə bilər.
- Rusiya Ukraynanın daxili işlərinə qarışmayacağı ilə bağlı öhdəliklər götürməlidir.
Rusiyanın razılaşa biləcəyi məsələlər
- Ukraynanın neytral ölkə statusu.
- Kiyevin qondarma Luqansk və Donetsk Xalq Respublikaları ilə danışıqlara başlamağa razılaşması, bu “respublikalar”a xüsusi statusun verilməsi.
- Rus dilində tədris və digər fəaliyyətlərə şərait yaradılması.
- Rusiya qoşunlarının Ukraynadan mərhələ-mərhələ çıxarılması, lakin qondarma Luqnask və Donetsk Xalq Respublikalarında hərbi hissələrin qalması.
- Rusiyaya qarşı sanksiyaların mərhələ-mərhələ zəiflədilməsi.
Ukraynanın razılaşa biləcəyi məsələlər
- Neytral ölkə statusu ilə bağlı məsələlərin müzakirəsi, NATO-nun hücum silahlarının yerləşdirilməməsi.
- Qondarma Luqansk və Donetsk Xalq Respublikaları ilə ölkənin fedarallaşmaması müqabilində, yerli idarəetmə imkanlarının verilməsinin müzakirəsi.
- Rusiya qoşunlarının mərhələ-mərhələ çıxması.
- Ukraynada qalacaq rus hərbiçlərinə nəzarət üçün beynəlxalq missiyanın yaradılması.
- Rus dili ilə əlaqədar məhdudiyyətlərin zəiflədilməsi”.