Anna Çapman 2010-cu ilin iyulunda ABŞ-dan qovulan və Qərb üçün işləyən 4 rusiyalı ilə dəyişdirilən 10 rus casusundan biri idi. Ölkəsinə qayıtdıqdan sonra alt paltarı modeli kimi fəaliyyətə başlayan Çapman bundan sonra sosial şəbəkələrdə Vladimir Putini mədh edən paylaşımları ilə də diqqət çəkməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, Anna ilk dəfə 2010-cu ildə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən rus agenti kimi ifşa edildikdə gündəmə gəlib.
Rusiya və Amerika arasında casus mübadiləsi çərçivəsində həmin il ölkəsinə ekstradisiya edilən Anna Çapman bundan sonra modellik etməyə başlayıb.
Sosial şəbəkədə aktiv olan keçmiş casus bu dəfə Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı açıqlamasıyla gündəmə gəlib.
Ukraynaya savaş açan Putin və rus ordusunu mədh edən keçmiş agentin ifadələri social şəbəkə istifadəçilərinin reaksiyasına səbəb olub.
Rusiyanın Ukraynaya təcavüzünü dəstəklədiyini deyən Anna qeyd edib:
“Həyatımda ölkəmizdə və rus xalqında belə vətənpərvərlik və inam dalğası görməmişdim. Buna görə təşəkkür edirəm”.
Çapmanın bu paylaşımı bəzi izləyicilərinin dəstəyini qazansa da, müharibə əleyhinə olanların ağır tənqidinə səbəb olub.
Amerika mediası uzun müddət Avropa ölkələri və ABŞ-da agentliklə məşğul olan Annanı “Putinin qızılı saçlı casusu” adlandırmışdı.