Rusiya hərbçilərinin əsas səyləri işğal olunmuş ərazilərin saxlanmasına və hücum əməliyyatlarının bərpasına hazırlığa yönəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargah bildirib ki, rus qüvvələri Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq üçün hücum imkanlarını artırmaq məqsədilə yenidən qruplaşmağa başlayıb. Eyni zamanda, Ukraynada hərbi əməliyyatların aparılması üçün Rusiya silahlı qüvvələrinin əlavə hissələrinin hazırlanması və yerdəyişməsi davam etdirilir.
Məlumata görə, Sakit Okean Donanmasının dəniz piyadalarının 155-ci briqadasından hərbi texnika və 150 hərbçinin Ukraynaya göndərilməsi planlaşdırılır. Şərq Hərbi Dairəsinin 14-cü xüsusi təyinatlı briqadasının bölməsinin də Ukraynaya göndərilməsi nəzərdə tutulur.
Belarusun 4 briqadasının Volın istiqamətindən Ukrayna ərazisinə daxil ola biləcəyi də açıqlamada qeyd olunub. Həmin briqadaların hazırda sərhəddə gözlədiyi deyilib. Bundan başqa, Belarusun Qomel vilayətində “İsgəndər-M” komplekslərinin Ukrayna ilə dövlət sərhədi istiqamətində hərəkəti qeydə alınıb.