ABŞ Federal Təhqiqatlar Bürosu Ficidə həbs edilən rusiyalı oliqarx, Dağıstan əsilli Süleyman Kərimovun yaxtasında milyarderin cinayət əməlləri - çirkli pulların yuyulmasını, ABŞ sanksiyalarından yayınması və maliyyə cinayətlərinə dair sübutlar tapıb.
Teleqraf.com "Business Insider"ə istinadən xəbər verir ki, martın sonunda milyarderin “Amadea” yaxtası ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalara məruz qalmamaq üçün Meksika sahillərini tərk edərək Vladivostoka yollanıb.
Yolda yaxtanın heyəti Fici limanlarından birində yanalma qərarı verib.
Bir müddət sonra FTB-nin bir neçə xüsusi agenti axtarış apararaq yaxtaya basqın etdi. Bundan sonra yerli hökumət yaxtanın həbsinə order verdi və bir neçə gün əvvəl Fici məhkəməsi Kərimovun təxminən 400 milyon dollar dəyərində yaxtasının müsadirəsinə icazə verdi.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Süleyman Kərimov öz benefisiarlarını Amerika maliyyə institutları vasitəsilə yaxtaya xidmət göstərmək üçün dollarla əməliyyatlar aparmağa məcbur edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və “Rusiyanın ən zəngin 9-cu adamı” olaraq xarakterizə edilən “qızıl kral” Süleyman Kərimovun Forbes jurnalına görə 14,5 milyard dollar sərvəti var.