26 May 2022 21:37
7 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın NV radiostansiyası ölkənin ən zəngin iş adamı, metallurgiya, energetika, media və bank sahəsində aktivləri olan, ən böyük maliyyə-sənaye qrupunu formalaşdıran milyarder Rinat Axmedovun müsahibəsini dərc edib.

Teleqraf.com müharibə başlayandan bu yana Ukraynanı tərk etməyən azsaylı oliqarx-milyarderlərdən olan Axmetovun müsahibəsini təqdim edir:

- Rusiya qoşunları şimal sərhədlərini keçəndə ilk reaksiyanız necə oldu?

- Mən müharibənin başlanmasına mənəvi cəhətdən hazır idim. Bütün qərbli dostlarımız dörd ay idi ki, Rusiyanın mümkün işğalından danışırdılar. Mən müharibənin başlamasını Kiyevdə yatanda eşitdim. Daha doğrusu köməkçim məni oyadıb dedi - oyan, müharibə başlayıb. Mən o vaxtdan Ukraynadayam və ölkəni tərk etməmişəm.

- Niyə digər iri biznes nümayəndələrindən fərqli olaraq fevralın 23-ü axşam ölkəni tərk etmədiniz? Prezident Zelenskinin iş adamları ilə görüşdə özünə inamı sizi sakitləşdirmişdi?

- Fevralın 23-də prezidentlə görüşdən sonra Kiyevdə evdə dostlarımla şam yeməyi yedim. Əksər hallarda onlar da mənim kimi müharibənin başlayacağına əmin idilər. Və mənə bu sualı verdilər - niyə dərhal ölkədən getmədim? Mən də sizə onlara verdiyim cavanı verirəm: "Mən də sizin kimi müharibəni öz evimdə, Ukraynada qarşılayacam. Bu anda getmək mənim üçün qəbuledilməzdir, insani baxımdan çox utancvericidir".

- SCM bir neçə müəssisənin gücünü Ukraynanın qərbinə köçürür. Bu, sizcə, Putinin ora çata bilməyəcəyi anlamına gəlir?

- Müəssisələrin köçürülməsi ölkənin enerji təhlükəsizliyini təmin etmək və insanların həyatını xilas etmək üçün müvəqqəti məcburi tədbirdir. İnanıram ki, Krım və Donbasın vahid Ukraynanın bir hissəsi olması ilə qələbəmiz rısmiləşəcək.

- Siz uzun illər Regionlar Partiyasında olmusunuz və Viktor Yanukoviçi dəstəkləmisiniz. Onlar Ukraynada bir çoxlarının rusiyayönlü hesab etdiyi mövqe tutan elitanın bir hissəsi idi. 2014-cü ildən sonra siz öz vətənpərvər mövqeyinizi vurğulayırsınız. Ukrayna sizin üçün nə demək idi və son 8 ildə bu sualın cavabı necə dəyişdi?

- Mənim mövqeyim olduğu kimi qalır. Mən öz baxışlarım və dəyərlərim kimi ukraynapərəst olmuşam və olacağam da. Ona görə də uzun illərdir ki, mən Ukraynada ən böyük özəl investor, işəgötürən və vergi ödəyicisi olmuşam. Və mən Ukraynanı azad, demokratik Avropa ölkəsi kimi görürəm. 2012-ci ildə deputatlığımı dayandırdım və 10 ildir ki, siyasətlə məşğul olmuram. Dəfələrlə demişəm ki, siyasət səhvim olub. Rusiyanın Ukraynaya qarşı əsassız və qəddar təcavüzü və Putinin hərbi cinayətləri mənim Ukraynanın həmişəkindən daha müstəqil və güclü olması ilə bağlı mövqeyimi gücləndirdi.

- Rusiyanın tammiqyaslı hücumundan sonra bəyanatlarınız əvvəlkindən daha radikal xarakter alıb. Bunun nə ilə əlaqəsi var? Rusiya xüsusi xidmət orqanlarının hədəfinə çevrilməkdən qorxmursunuz? İqor Kolomoyski və ya Sergey Lyovoçkin kimi böyük biznesdəki həmkarlarınız fevralın 24-dən “ağızlarına su alıblar” və susurlar...

- Fevralın 24-də Rusiya Ukraynada dəhşətli müharibəyə başladı. Səbəbsiz yerə ölkəmizə hücum edib, rus hərbçiləri on minlərlə dinc sakini, uşaqları, qadınları, qocaları qətlə yetirib, ölkəmizin infrastrukturunu məhv edib. Rusiyanın Ukraynadakı hərəkətləri soyqırımı və müharibə cinayətidir. Bu, radikal deyil, mənim israr etdiyim dürüst və ədalətli mövqedir. Xüsusi xidmətlərdən deyil, öz vicdanından qorxmaq lazımdır.

- Deyəsən, hakimiyyətlə aranızda tam anlaşma var, amma bir neçə ay əvvəl açıq qarşıdurma olub...

- Mənim tərəfimdən heç bir qarşıdurma olmayıb. Düşünürəm ki, biz hamımız - prezident, hökumət, biznes və hər bir ukraynalı - Ukraynanın azad, güclü və uğurlu olmasını istəyirik. Ordumuz indi azadlığımız üçün cəsarətlə döyüşür. Hesab edirəm ki, Ukrayna tezliklə Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır. Və orada hökumət və biznes arasında qaydalar və münasibətlər onilliklər ərzində açıqlanıb. Bu qaydalara görə biz yaşayıb ölkəni qurmalıyıq.

- Fondunuz 1 milyard qrivnadan çox vəsait ayırıb. Rinat Axmetov Fondunun pulu nə vaxt tükənəcək, onun büdcəsi nədir?

- Yardım təkcə Fond tərəfindən deyil, həm də bütün SCM və FC Shakhtar tərəfindən verilir. Bu gündən Ukraynaya kömək üçün 100 milyon avro ayırmışam. Bunun 70 milyon avrosu artıq xərclənib. Biz Rusiya Federasiyasının hərbi təcavüzündən əziyyət çəkən mülki şəxslərə kömək edirik - ərzaq və dərman gətiririk. Bizim energetiklərimiz tez-tez öz həyatlarını riskə ataraq, işığı bərpa edərək, Ukraynanın şəhər və qəsəbələrinə dinc həyata qaytarır. Biz Ukrayna ordusuna və müdafiə qüvvələrinə kömək edirik. İmkan daxilində biz cəbhənin ehtiyacları üçün çalışırıq. Bizim metallurgiya zavodlarımız tank əleyhinə kirpi və bədən zirehləri üçün polad istehsal edir. Və dayanmağı planlaşdırmırıq. Biz Ukraynaya və ukraynalılara lazım olan qədər kömək edəcəyik.

- SCM holdinqin müharibədən ümumi itkilərini pul baxımından necə qiymətləndirirsiniz? Bütün bunları Rusiyadan məhkəmədə tələb edəcəksiniz? İddia ərizəsi üçün sənədlərin toplanması davam edirmi, onu nə vaxt və harada qəbul etmək olar?

-24 fevral 2022-ci ildə Rusiyada irimiqyaslı hücum başlayandan sonra Azovstal, MMK kimi müəssisələr, İliç, Avdiivka Koks Zavodu, Luqansk İES və onlarla digər sənaye infrastrukturu və yaşıl enerji obyektləri qismən və ya tamamilə məhv edilib və ya zorla istismardan çıxarılıb. Müharibədən əvvəl bu obyektlərin kapitallaşması on milyardlarla dollar idi. Biz birmənalı olaraq Rusiyanı məhkəməyə verəcəyik və bütün itkilər və itirilmiş biznes üçün adekvat kompensasiya tələb edəcəyik. Artıq bu məsələlərlə bağlı ciddi hüquqi işlər aparılır. Biz bütün beynəlxalq və milli məhkəmələrə müraciət edəcəyik.

- Mariupolda baş verənlər faciədir. Bəs, konkret olaraq “İlyiç” və “Azovstal” zavodlarının dağıdılmasından “Metinvest”in təxmini itkiləri nə qədərdir?

- İlyiç və Azovstalın ziyanı Rusiyanın təcavüzünə görə 17-20 milyard dollar arasında dəyişir. Son məbləğ Rusiyaya qarşı məhkəmədə müəyyənləşəcək.

- DTEK artıq defolt olub. Bəs qalan şirkətləriniz?

- Biznesdə vəziyyət bütün Ukrayna iqtisadiyyatında olduğu kimi ağırdır.

- SCM gələcəkdə nəyə sərmayə qoyacaq, logistika, infrastruktur?

- Müharibədən sonra biz Ukraynaya sərmayə qoymağa davam edəcəyik. Biz, SCM, bərpa işində fəal iştirak edirik və edəcəyik. Bizim iki əsas prioritetimiz var - sənaye potensialının bərpası və enerji müstəqilliyinin təmin edilməsi. Ölkənin bombalanmış infrastrukturunu bərpa etmək üçün “Azovstal” və MMK-nı müvəqqəti itirdiyimizi nəzərə alaraq Metinvest Group şirkətləri metallurgiya məhsullarının istehsalında potensiallarını artıracaq. İllik 10 milyon ton polad istehsalı. DTEK-in müəssisələri 500 meqavat külək istehsalının müvəqqəti itirilməsinə baxmayaraq, əsas sahəni - yaşıl enerjini inkişaf etdirməyə və onun həcmini artırmağa, həmçinin Ukrayna üçün çox ehtiyac duyulan qaz və kömür hasilatını artırmağa, elektrik enerjisi istehsal etməyə və şəbəkəyə sərmayə qoymağa davam edəcək. Çox güclü, motivasiyalı komandamız və böyük təcrübəmiz var. Biz ölkəmizə və qələbəmizə inanırıq.

- SCM şirkətlərinin Rusiya pasportlu top-menecerlərinin işdən çıxarılmağa başlanmasında rolunuz varmı, niyə əvvəllər bunu etmirdiniz?

- Mən kadr seçimi ilə də məşğul deyiləm. SCM öz kadr siyasətini müəyyən edən peşəkar komandadır.

- Mətbuatda yazılanlara görə, əvvəllər ABŞ rəsmiləri ilə çətin münasibətiniz olub, ona görə də Amerika vizanız olmayıb. İndi bu məsələdə hər hansı dəyişiklik hiss edirsiniz?

- ABŞ Ukraynanın müttəfiqidir. Və zaman göstərdiyi kimi, onlar Ukraynanın böyük dostudur, ölkəmizə misilsiz yardıma görə şəxsən minnətdaram. Mənim ABŞ rəsmiləri ilə heç vaxt çətin münasibətim olmayıb.

- İndi Qərbdə və burada Ukrayna üçün Marşal Planının analoqu müzakirə olunur. Bu yardımın təyinatı üzrə istifadə olunmasını təmin etmək üçün hansı addımlar atılmalıdır?

- Ukraynanın görünməmiş beynəlxalq yardım paketinə - bütün G7 ölkələrinin, Aİ və beynəlxalq maliyyə institutlarının iştirakı ilə yeni Marşal Planına ehtiyacı var. Bu planın məqsədi güclü institutlara, qanunun aliliyinə, aydın antikorrupsiya qaydalarına, demokratik sistemə və vətəndaşları üçün ədalətli dövlətə malik yeni, güclü, Avropa Birliyinə üzv dövlət qurmaqdır. Belə bir plan yüz milyardlarla dollar və aydın prioritetlərdir: güclü ordusu olan təhlükəsiz Ukrayna, yeni infrastrukturun qurulması, sənaye potensialının bərpası, yeni nəqliyyat logistikası, enerji müstəqilliyi və bərpa olunan mənbələrə investisiya, ərzaq təhlükəsizliyi və sosial siyasət. Bu məqsədlərə nail olmaq üçün Ukrayna hökumətindən, biznesindən, cəmiyyətindən inanılmaz səylər, peşəkarlıq və şəffaflıq və tərəfdaşlarımızla aydın koordinasiya tələb olunacaq. Belə koordinasiya xüsusi yaradılmış beynəlxalq hökumətlərarası konsorsium çərçivəsində mümkündür.


Müəllif: Nemət Orucov