ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi Türkiyənin Suriyada yeni əməliyyata başlaya biləcəyi mesajından sonra açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Kirbi PKK terror təşkilatının Suriyadakı qolu olan “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə gündəlik təmasda olduqlarını, Türkiyənin Suriyanın şimal-şərqindəki əməliyyatının mülki əhalinin təhlükəsizliyinə, humanitar yardımlara və İŞİD-ə qarşı mübarizəyə mənfi təsir göstərəcəyini, SDQ-nin bölgədən uzaqlaşmasına səbəb olacağını deyib.
Türkiyənin NATO müttəfiqi və dəyərli tərəfdaşı olduğunu bildirən Kirbi ABŞ Dövlət Departamentinin narahatlığı ilə razılaşdıqlarını bildirib.
Pentaqonun sözçüsü qeyd edib ki, hazırda ABŞ Müdafiə Nazirliyi ilə Türkiyə Müdafiə Nazirliyi arasında bu mövzuda yüksək səviyyəli əlaqə yoxdur, amma Dövlət Departamentindən diplomatik əlaqənin olub-olmadığını soruşmaq lazımdır.
Prezident Rəcəb Tayyib Ərdoğanın bundan əvvəl Türkiyənin cənub sərhədlərində yeni antiterror əməliyyatlarının başlaya biləcəyini açıqlayıb. O, bunun bölgənin terrordan təmizlənməsi və təhlükəsizlik üçün zərurət olduğunu deyib.