Suriya Milli Ordusu (SMO) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında mümkün yeni antiterror əməliyyatlarına qatılmağa hazır olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə SMO yetkililəri İngiltərənin “Röyter” agentliyinə danışıblar.
Açıqlamada SMO-nun bölgədəki qüvvələrinin artıq döyüşə hazır vəziyyətdə gözlədiyi bildirilib: “Türkiyə ilə birlikdə döyüşməyə hazır minlərlə əsgərimiz var. Əmr gələrsə, bütün hazırlıqları tamamlamağımız cəmi bir neçə gün çəkəcək”.
Mümkün əməliyyatın iki bölgəni – Təl-Rıfat və Kobanini (Ayn əl-Ərəb) əhatə edə biləcəyini deyən SMO rəsmiləri bu iki regionun nəzarətə götürülməsinin Serablus və Təl-Abyada yolu açacağını deyiblər.
SMO komandanlığının Ankara ilə əlaqə saxladıqları, amma əməliyyatın nə vaxt başlayacağı ilə bağlı dəqiq məlumat əldə edə bilmədikləri vurğulanıb.
ABŞ-ın dəstəklədiyi YPG terror təşkilatından “Röyter”ə verilən açıqlamada işğal etdikləri torpaqları müdafiə etməyə hazır olduqlarını iddia edilib: “Türkiyənin mümkün hücumlarına qarşı bütün tədbirlərimizi görmüşük”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə verdiyi açıqlamada Şimali Suriyada yeni antiterror əməliyyatlarının başlaya biləcəyini demişdi.