“Nensi Pelosinin Tayvana səfəri təkbaşına verdiyi qərar deyil”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Çin-Tayvan münaqişəsi ətrafındakı son gəlişmələrə diqqət çəkib:
“Pekin Vaşinqtonu bu sözlərlə xəbərdar edib: “Əgər ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edərsə, Çin hərbçiləri seyirçi qalmayacaqlar”.
Çin Xairici İşlər Nazirliyi bunu sonuncu xəbərdarlıq adlandırıb. Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, statusuna görə ABŞ-ın üçüncü rəsmə şəxsi olan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvan adasına gəlişi ağır nəticələrə səbəb olacaq. Pekin Vaşinqtona onu da xatırladıb ki, ABŞ Tayvanın müstəqilliyini tanımayacağını illər öncə Pekinə vəd edib.
Nensi Pelosi bütün bunları bilə-bilə niyə Tayvan adasına səfərdə israr edir?
Böyük ehtimalla bu Nensi Pelosinin təkbaşına verdiyi qərar deyil. Onda qərar verənlərin məqsədi nədir? Axı bu səfər ABŞ-la Çin arasındakı münasibətləri daha da gərginləşdirəcək. Halbuki Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi fonunda Vaşinqton Pekini Kremldən məsafə saxlamağa çağırırdı. Əksinə, Vaşinqtonun Tayvanla bağlı siyasəti Pekini Kremlə daha da yaxınlaşdıracaq. Belə olan halda Vaşinqtonun yeganə məqsədi Pekini Tayvan adasını nəzarətə götürməkdən çəkindirməkdir”.
Elxan Şahinoğlu bildirib ki, Pekin Tayvanı özününkü sayır və adanı nə vaxsta nəzarəti altına alınacağını istisna etmir:
“Vaşinqton bunun əleyhinədir. Bunu önləmək üçün də Vaşinqton Pekinə “əzələ nümayişi” həyata keçirir. Bunu həm Tayvan ətrafında hərbi təlimlər keçirməklə, həm də Nensi Pelosinin adaya səfər edəcəyi xəbərini yaymaqla həyata keçirməyə çalışır”.