Avropa Birliyi Türkiyə və ABŞ da daxil olmaqla 42 ölkənin dəstəklədiyi bəyanat verib. Bəyanatda Rusiyadan Ukraynanın Zaporoje vilayətindəki atom elektrik stansiyasında (AES) yerləşdirilmiş qüvvələrinin çıxarılması tələb olunur.
Teleqraf.com xəbər verir ki, AB-nin rəsmi saytında dərc olunan bəyanatda Rusiyanın Ukraynada apardığı müharibənin əsassız və haqsız olduğu, bununla beynəlxalq hüququn pozulduğu bildirilir.
42 ölkənin adından verilən bəyanatda deyilir:
“Rusiya Federasiyasını Ukrayna hakimiyyətinin bu ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz suveren öhdəliklərini yerinə yetirə bilməsi üçün Zaporoje AES-dən, onun yaxınlığından və bütün Ukraynadan qanunsuz hərbi qüvvələrini və mütəxəssislərini dərhal çıxarmağa çağırırıq. Qanuni mütəxəssislər kənar müdaxilə və təhdidlər olmadan öz vəzifələrini yerinə yetirə bilərlər”.