“Yunanıstanın əvvəlcə öz döyüş təyyarələri, sonra isə S-300 sistemi ilə türk qırıcılarına müdaxilə etməsi ikitərəfli münasibətlərindəki gərginliyi yeni mərhələyə keçirdi”.
Teleqraf.com xəbər verir ki, bunu “Kanal 7”nin yazarı Məhmət Acət deyib.
Onun sözlərinə görə, iyunda Afinaya “adaları silahlandırmaqdan əl çək, zarafat etmirəm” sözləri ilə xəbərdarlıq edən Prezident Rəcəb Tayyib Ərdoğan son gəlişmələrdən sonra daha sərt mesaj verib:
“Ərdoğanın Egeyin o biri tərəfinə işıq sürəti ilə çatan mesajı belədir:
“Ey yunan, tarixə baxın. Çox irəli getsən, bədəli ağır olacaq. Yunanıstan üçün bircə cümləmiz var: İzmiri unutma. Adaları işğal etmək bizim önümüzü kəsmir. Zamanı gələndə nə lazımdırsa edəcəyik. Bir gecə qəfil gələ bilərik”.
Hər kəs bilir ki, Yunanıstanın Türkiyəyə qarşı çıxması öz gücü və cəsarəti ilə baş verə biləcək bir şey deyil. Həmişə dediyim kimi: Yunanıstanın Türkiyəyə münasibətini quyruğunu bulamaqla qorxusunu gizlədə bilməyən, amma qorxutmaq üçün də hürən itə bənzəyir. Digər tərəfdən, bu hadisələr və bundan sonrakı mümkün gəlişmələr fonunda Yunanıstandan Türkiyəyə qarşı “vəkil ölkə” kimi istifadə etmək istəyən başqa aktorların da olduğunu bilmək lazımdır.
Terror təşkilatları kimi, Yunanıstan kimi “ölkə siması” olan “vəkillər”dən də istifadə olunur. Bu mənada iki ölkənin reflekslərini diqqətlə izləmək lazımdır. Bu ölkələrdən biri ABŞ, digəri isə Fransadır”.
Acət Fransanın Liviyada da Türkiyənin önünə çıxmağa çalışdığını söyləyib:
“Makron Türkiyənin Liviyadakı fəaliyyəti və bütün Afrikada nüfuz qazanmasından narahatlığını heç vaxt gizlətmir. Belə olan halda, Afrikada Türkiyə və Ərdoğana artan rəğbətin önünü ən qısa yolla necə almaq olar? Təbii ki, Türkiyə-Yunanıstan müharibəsi Afrika və digər bölgələrdə Fransanın maraqlarına xidmət edə bilər.
Makron bu yaxınlarda yeni, başqa bir maraqlı açıqlama verdi. O bildirdi ki, Türkiyənin NATO-da Rusiya ilə təmasda olan yeganə ölkə olaraq qalması Fransanın maraqlarına ziddir: “Kim istəyər ki, Türkiyə Rusiya ilə danışıqları davam etdirən dünyada yeganə güc olsun?”.
Fransanı keçək, ABŞ-a gələk.
Türkiyənin müstəqil xarici siyasətinin ABŞ-ı narahat etdiyi kimsəyə sirr deyil.
Amerikaya görə, Türkiyənin müstəqil hərəkət etməsi onu nəzarətdən çıxara bilər. Onsuz da son zamanlarda dünyanın hər yerində müharibələri və münaqişələri qızışdırmağa çalışan ABŞ və İngiltərə ilə qarşılaşırıq. Onlar düşünürlər ki, Türkiyəni geri qaytarmağın, öz iradələri önündə diz çökdürməyin yolu türk-yunan müharibəsindən keçir. Bütün addımlarını da Türkiyəni özlərinə tabe etməyi hesablayırlar.
Bu kritik günlərdə ətrafımızdakı “sirk oyunları”nı çox diqqətlə izləməli və hər mənada daha sayıq olmalıyıq. Yunanıstan indi Türkiyə üçün qaçınılmaz təhlükədir”.