ABŞ Prezidenti Co Bayden Rusiyanın Amerikanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil edilməsini zəruri hesab edib-etməməsi ilə bağlı suala mənfi cavab verib.
Teleqraf.com xəbər verir ki, “Rusiya terrorizmə sponsorluq edən dövlətlər siyahısına salınmalıdırmı” sualına Bayden “yox” cavabını verib.
İyulun 27-də ABŞ Senatı Dövlət Departamentinin Rusiyanı terrorizmin himayədarı kimi tanımağa çağıran qətnaməsini qəbul edib. Sənəddə müvafiq qərarın səbəbi kimi Rusiyanın Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlər göstərilib.
Ukrayna Prezidenti Vladimir Zelenski bir neçə ay əvvəl Rusiyanın sözügedən siyahıya əlavə edilməsi üçün ABŞ hökumətinə müraciət etmişdi.
ABŞ-ın bu siyahısına beynəlxalq terror aktlarını dəfələrlə dəstəkləmiş dövlətlər daxildir. Amerika hökuməti siyahıdakı şəxslərə və ya dövlətlərə qarşı sanksiyaların tətbiqi baxımından geniş səlahiyyətlərə malikdir. Hazırda siyahıya İran, Şimali Koreya, Kuba və Suriya daxildir.