Türkiyənin Ukrayna-Rusiya müharibəsində diplomatik səyləri və yenidən artan geosiyasi gücü beynəlxalq mediada geniş işıqlandırılmağa davam edir.
Teleqraf.com xəbər verir ki, “Atlantic Council”də dərc olunan məqalədə də Türkiyənin regional və qlobal proseslərdəki roluna diqqət çəkilib.
Məqalə müəllifi Arnold Dupunun fikrincə, ABŞ Qara dənizə yenidən girmək istəyirsə, bunu Türkiyə ilə razılaşdırmalı və bunun üçün ona müraciət etməlidir:
“Əgər ABŞ Qara dənizə uğurlu formada daxil olmaq istəyirsə, bunun üçün Amerikaya Türkiyənin gizli əməkdaşlığı lazım olacaq ki, bu da Vaşinqtondan Ankara ilə münasibətlərini düzəltməyi tələb edəcək. Bu illər ərzində yaşanan gərginlik Türkiyənin ABŞ-ın İŞİD-ə qarşı döyüşən YPG yaraqlılarına verdiyi dəstəkdən və Rusiyadan S-400 müdafiə sisteminin alınması ilə bağlı silah embarqolarından məyus olmasından qaynaqlanır. Ankaranın bu sistemi alması onun F-35 proqramından çıxarılması ilə nəticələndi, ABŞ-ın isə Türkiyəyə F-16-ları satmaq istəməməsi gərginliyi daha da artırdı. Vaşinqton isə Türkiyənin Suriyada YPG-yə qarşı əməliyyatlarından narahatdır.
Ortaq maraqlara, xüsusilə regional sabitliyə və buna nail olmaqda hər iki ölkənin roluna diqqət yetirmək ABŞ-Türkiyə yaxınlaşmasında əsas yer tuta bilər. Vaşinqton açıq şəkildə bildirməlidir ki, Qara dənizə daha geniş formada daxil olmaq Türkiyənin regional maraqlarını tamamlayacaq və bu, ona meydan oxumaq deyil”.
Məqalədə qeyd edilib ki, Ukraynadakı müharibə Türkiyənin geostrateji əhəmiyyətini gücləndirdi və Ankara bölgədə Rusiyaya qarşı balanslaşdırıcı güc kimi ortaya çıxdı:
“Həqiqətən də, NATO-ya möhkəm sadiq olan, ABŞ-la əməkdaşlıq edən və dürüst vasitəçi kimi çıxış edən Türkiyə uzunmüddətli regional sabitlik üçün həyati əhəmiyyət kəsb edir. Nəhayət, hər iki tərəf istədikləri hər şeyi ala bilməyəcəklərini qəbul etməli və bunları təmin edə biləcəkləri düşüncəsi ilə irəliləməlidirlər. Rusiya, Çin və İranın təzyiqi altında olan Qara dəniz regionu Avropanın cənub-şərq cinahında daha da qeyri-sabitliyə səbəb ola bilər ki, bu da Vaşinqtonun daha geniş strateji məqsədlərinə təhlükə yarada bilər. İndi baş verənlər təxminən iyirmi ildir Qara dənizdə uzunmüddətli regional nüfuzu olmayan ABŞ-ı ayıltmalıdır”.