8 Sentyabr 2022 21:14
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel görüşündən sonra Ermənistanın tez-tez sərhəddə atəşkəsi pozması İrəvanın danışıqlarda vaxt qazanmağa çalışdığını göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrincə, erməni ordusundakı Rusiyaya yaxın bir sıra generallar da təxribatların davam etməsində maraqlıdır:

“Hesab edirəm ki, Paşinyan ordunu Rusiyaya yaxın hərbçilərdən təmizləməyənə qədər sülh istiqamətində atacağı addımlar daxildən sabotaj olunacaq. Eyni zamanda, Rusiya Ukrayna ilə müharibənin davam etdiyi vaxtda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Buna görə də sülh danışıqlarını pozmaq üçün Ermənistan rəhbərliyinə təzyiq göstərir. Qənaətimə görə, Kəlbəcər və Laçın istiqamətlərində ermənilər tərəfindən atəşkəsin pozulması da buradan qaynaqlanır.

Hesab edirəm ki, Putin və Paşinyanın Vladivostikdakı görüşündən sonra Moskvada Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüşün keçirlməsi istisna deyil. Amma dediyim kimi, Moskvanın hazırkı addımları heç də iki ölkə arasında real sülhün əldə edilməsinə hesablanmayıb. Buna görə də Bakının Moskvanın vasitəçiliyində maraqlı olduğunu düşünmürəm”.

Məhəmməd Əsədullazadə Rusiyanın Avropa Birliyinin Azərbaycan və Ermənistan arasındakı vasitəçilik səylərinə qarşı həmlələrinə də diqqət çəkib:

“Rusiyanın ciddi təzyiqləri altında olan Paşinyanın hansı mövqe tutmasından asılı olmayaraq, İrəvan Brüsselin vasitəçiliyi ilə davam edən prosesdən çıxa bilməyəcək. Bu, Paşinyan hakimiyyətinin sonu ola bilər. Hesab edirəm ki, Azərbaycanla sülh müqaviləsinin bağlanması Paşinyanın hakimiyyətdə qalması üçün sığortası ola bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər