14 Sentyabr 2022 17:30
59 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qənaətimcə, qış fəslinin sonuna qədər belə insidentlər təkrar olunacaq. Praktika göstərir ki, Azərbaycan zərbə vurduqdan sonra ermənilər sakitləşir, geri çəkilir, amma bir balaca düzələn kimi təxribatlara əl atırlar. Bu məntiqlə düşünürəm ki, Ermənistan və Azərbaycan arasında belə insidentlər davam edəcək. Nə zamana qədər? Məncə, sülh müqaviləsi bağlanana qədər... Onların başqa işi yoxdur. Çünki danışıqlarda razılaşır, sonra isə pozurlar”.

Bunu Teleqraf.com-a hərbi ekspert Azad İsazadə deyib.

O qeyd edib ki, Ermənistan sadəcə olaraq sülh müqaviləsi bağlamaq istəklərinin olmasına dair mənzərə yaradır: “Gerçəkdə isə fəallıq etmirlər. Yəni onların sülhə hazır olmasını, Azərbaycanla razılığa gəlməyə hazır olduğunu müşahidə etmirəm”.

Azad İsazadə vurğulayıb ki, əslində Azərbaycan və Ermənistan arasında sərhəd yoxdur: “Onlar sərhədi ayrı, bizsə bir ayrı şəkildə təsəvvür edirik. Faktiki indi iki dövlət təzə sərhəd yaratmalıdır. Əvvəl inzibati sərhədlər olub, indi bunu dövlət sərhədinə çevirmək lazımdır. Sərhədi adətən ya çay boyunca, ya da dağların üzəri ilə çəkirlər. Amma nəzərə almaq lazımdır ki, çayla nəyisə sübut etmək çətindir. Nəzərə alınmalıdır ki, 30-40 il ərzində çay öz axarını dəyişə də bilər. Üstəlik bu dövlətlər bir-birini tanımayıb. Bu səbəbdən delimitasiya və demarkasiya aparılmalıdır. Yerində komissiya qarış-qarış gəzməli, sərhədi müəyyən etməlidir. Bu proses başlanmalıdır, amma Ermənistan bu prosesi də pozur.

Ən vacibi odur ki, indiyə qədər Azərbaycan ərazisində silahlı erməni dəstələri qalıb, onlar Ermənistan vətəndaşlarıdır. Elə Qarabağda yaşayan ermənilərin də cibində Ermənistan pasportu var. Deməli, bunun özü faktdır ki, ərazimizdə separatçı qüvvələr və ona dəstək verən Ermənistan var”.

Hərbi analitikə görə, Ermənistanın hücuma keçmək potensialı yoxdur: “Amma belə təxribatlarla sülh müqaviləsinin imzalanmasını uzadır. Məncə, bu yolla düşünürlər ki, bəlkə nə vaxtsa durum dəyişər. Buna görə də, nə sülh müqaviləsi imzalamaqda, nə də sərhədlərin müəyyən edilməsi üçün işlərin aparılmasına maraqlıdırlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər