19 Sentyabr 2022 22:13
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisinin CBS telekanalına müsahibəsində yəhudi soyqırımı – Holokostla bağlı fikirləri etiraz yaradıb.

Teleqraf.com xəbər verir ki, İran prezidenti jurnalist Lesli Stalın ondan İkinci Dünya Müharibəsində 6 milyon yəhudinin öldürüldüyünə inanıb-inanmadığını soruşduqda, suala birmənalı cavab verməyib.

“Tarixi hadisələr tədqiqatçılar və tarixçilər tərəfindən araşdırılmalıdır. Bunun baş verdiyinə dair bəzi əlamətlər var. Əgər belədirsə, bunun araşdırılmasına, tədqiqinə icazə verməlidirlər”, - Rəisi suala cavabında bildirib.

İsrail Baş naziri Yair Lapid ona cavab olaraq yəhudilərin konsentrasiya və ölüm düşərgələrində çəkilmiş şəkillərini “bəzi əlamətlər” qeydi ilə Tvitter hesabında paylaşıb.

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan isə bildirib ki, İran Prezidenti Rəisinin Holokostun baş verib-vermədiyini şübhə altına alan açıqlamalarını eşitmək şokedici olub.

Diplomat BMT baş katibi Antonio Quterreşə müraciət edərək, Baş Assambleyanın sammitində çıxışa hazırlaşan Rəisiyə tribuna verməməyə çağırıb:

“Antonio Quterreşi antisemitizm və nifrət yaymaq istəyən bu inkarçıya dünyanın qarşısında çıxış etməyə imkan verməməyə çağırıram. Əgər “Tehran qəssabı”na platforma versələr, BMT yeni aşağı səviyyəyə düşəcək”.

İran prezidentinin açıqlamasına israilli həmkarı İshaq Hersoq da etiraz edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər