Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan ABŞ Prezidenti Co Baydenin OPEC+ qrupunun qərarlarına görə iki ölkənin münasibətlərinə yenidən baxacağı ilə bağlı açıqlamasına cavab verib.
Teleqraf.com xəbər verir ki, Fərhan Səudiyyənin ABŞ-la strateji əlaqələrinin olduğunu və OPEC+ ölkələrinin xam neft hasilatını azaltmaq qərarlarının yalnız iqtisadi xarakter daşıdığını bildirib.
“OPEC+ qərarlarının siyasi aspekti yoxdur və biz bunlara siyasi prizmadan baxmırıq. Qərarlar sırf iqtisadi xarakter daşıyır. Vaşinqtonla münasibətlər strateji xarakter daşıyır, regionun sabitliyini və təhlükəsizliyini dəstəkləyir. Ər-Riyad və Vaşinqton arasındakı münasibətlər iki ölkənin maraqlarına və regionun sabitliyinə töhfə verir. ABŞ-la münasibətlərimiz yarandığı gündən institusional xarakter daşıyır”, - nazir vurğulayıb.
İranla normallaşma danışıqlarına gəlincə, Bin Fərhan dialoq səylərinin hələ də istənilən nəticəyə çatmadığını və danışıqların 6-cı raundunu gözlədiklərini deyib.
OPEC+ qrupunun energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda noyabrdan gündəlik neft hasilatının 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər.
Qərarın ardından ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanı ilə əlaqələri yenidən nəzərdən keçirdiyinə dair açıqlama verib.