Avropa Komissiyası (AK) Rusiya Prezidenti Vladimir Putinin İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə araq hədiyyə etməsinin Avropa İttifaqının (Aİ) bu ölkə əleyhinə sanksiyalarının pozulması kimi nəzərdən keçiriləcəyini istisna etmir.
Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi AK nümayəndəsinə istinadən yazır.
Avropa Komissiyası bu ilin aprelində Rusiyadan araq kimi spirtli içkilərin Aİ-yə idxalına qoyulan qadağanın uzadılmasına qərar verib.
“Müvafiq qanunvericilik bazası hədiyyələr üçün istisnaları nəzərdə tutmur. Avropa İttifaqına üzv dövlətlər praktikada sanksiyaların həyata keçirilməsinə cavabdehdirlər, ona görə də Berluskoniyə hədiyyə verilməsinin sanksiya rejimini pozub-pozmadığını İtaliya hökuməti araşdırmalıdır”, - AK nümayəndəsi deyib.
Bundan əvvəl İtaliyanın “LaPresse” agentliyi sentyabrın 29-da 86 yaşını qeyd edən keçmiş baş nazirin Putinlə müəyyən qədər münasibətləri bərpa etdiyini yazıb. Mənbə Rusiya liderinin ad günü üçün Berluskoniyə 20 şüşə araq və mehribanlıqla yazılmış məktub göndərdiyini deyib. Amma sabiq baş nazirin partiyası “LaPresse”nin məlumatını təkzib edib.