ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə yenidən seçkilərə qatılıb-qatılmayacağına dair suala “çox uzaq olmayan gələcəkdə” cavab verəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində respublikaçı seçicilər arasında lider olduğunu deyib: “Sorğulara görə, 40-50 xalla öndəyəm. Namizədliyimi irəli sürmək qərarına gəlsəm, mənə qarşı çıxanların sayının çox olacağına şübhə edirəm. Onların çoxu dedi ki, mən namizədliyimi irəli sürsəm, namizəd olmayacaqlar. Odur ki, görək doğrudurmu? Düşünürəm ki, bu, sədaqətsiz bir hərəkət olacaq, amma bu da normaldır. Yəqin ki, yaxın vaxtlarda qərar verəcəm. Biz bu ölkəni yenidən güclü etməliyik”.
O, Bayden administrasiyasını xarici siyasət, enerji və iqtisadi idarəçiliyə görə tənqid edib.
“Bizim enerji müstəqilliyimiz var idi. Bizə bütün dünyada hörmət edirdilər. Vergilərimiz az idi, inflyasiya yox idi, tarixin ən güclü sərhədi bizdə idi. İndi ölkəmizə baxın. Ölkəmiz uğursuz ölkədir, biz tənəzzülə uğrayan millətik”, - ABŞ-ın keçmiş prezidenti deyib.
Tramp bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti olsaydı, Ukraynaya təcavüz etməzdi.
“Putin mənə hörmət edirdi, biz də oyun oynamırdıq, belə də olmazdı... İndi neft o qədər bahadır ki, Putin müharibəni davam etdirə bilər. Pul onun üçün problem olmayacaq”, - deyə o, yekunlaşdırıb.