Almaniya hökuməti Fransa ilə münasibətlərdə gərginlik yaradıb. Kansler Olaf Şolzun bu gün Parisə planlaşdırılan səfəri gərginliyi yumşaltmaq məqsədi daşıyır.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın müxalif Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz deyib.
“Kanslerin Parisə səfəri açıq şəkildə təsirləri azaltmaq məqsədi daşıyır”, - siyasətçi bildirib.
Onun sözlərinə görə, son aylarda Almaniya-Fransa münasibətləri federal hökumətə görə kifayət qədər gərginləşib. Merz hesab edir ki, kansler bu səfərdən “franko-german mühərriki”ni yenidən işə salmaq üçün istifadə etməlidir.
Eyni zamanda, Merzin fikrincə, alman hökuməti Fransa ilə son fikir ayrılıqlarına görə təkcə enerji siyasəti müzakirələri səbəbindən deyil, həm də Şolzun gələn həftə Çinə planlaşdırılan səfərinə görə də məsuliyyət daşıyır.
Merz qeyd edib ki, Almaniyanın Avropada getdikcə təcrid olunmasını narahatlıqla izləyir və Almaniya ilə Fransa arasında Çinlə gələcək münasibətlər və ya Ukraynadakı vəziyyətin nəticələri kimi əsas beynəlxalq məsələlərdə artıq razılaşdırılmış xətt yoxdur.
Öz növbəsində CDU-nun sözçüsü Günter Krixbaum bildirib ki, son iyirmi ildə Fransa-Almaniya münasibətlərinin belə aşağı səviyyəyə çatdığını xatırlamır.
Bu gün Şolz Parisə səfər edəcək və orada Fransa Prezidenti Emmanuel Makronla görüşəcək. Tərəflərin ikitərəfli münasibətlər və Avropa siyasəti məsələlərini müzakirə edəcəyi gözlənilir. Əvvəlcə, bu gün Fontenbleau kommunasında Fransa-Almaniya Nazirlər Şurasının iclası keçirilməli idi. Amma sonradan 2023-cü ilin yanvarına təxirə salınıb.
Məlumata görə, təxirə salınmaya səbəb Fransa və Almaniya arasında müdafiə siyasəti məsələsində ziddiyyətlərin kəskinləşməsidir. Xüsusilə, söhbət yeni Avropa qırıcılarının və tanklarının hazırlanmasından, həmçinin hücum helikopterlərinin modernləşdirilməsindən gedir. Almaniyanın İsrail və ABŞ sistemləri və silahları ilə "Avropanın müdafiə qalxanı"nın hazırlanması təklifi Fransa tərəfindən qəbul edilmir.