Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni iddia dünya mediasının gündəminə bomba kimi düşüb. Anonimlik şərti ilə “Sky News”a danışan mənbə Ukraynaya göndərilən sursatın rusların əlinə keçdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, 140 min dollar pul və Böyük Britaniyanın NLAW və ABŞ-ın “Javelin” tank əleyhinə raketləri, “Stinger” zenit sistemlərindən ibarət 3 hərbi sursat avqustun 20-də səhər saatlarında Rusiya tərəfindən gizli şəkildə təyyarələrlə Tehrana çatdırılıb.
Mənbə bununla bağlı təkzibedilməz faktlar əldə edib. Məlum olur ki, təyyarələr ilk dəfə avqustun 20-si səhər saat 01:17-də Tehrana enib. Tehranda təxminən 3 saat yarım qalan təyyarələrin addım-addım necə hərəkət etdiyi müşahidə edilib. Xəbərdə diqqətçəkən başqa bir detal isə İrana pul və sursat daşıyan təyyarələrin Tehrana çatdıqdan sonra dronlar götürərək geri qayıtmasıdır.
Üstəlik, iddia bununla məhdudlaşmır, mənbə bildirib ki, avqustun 20-dən bəri Rusiya İrandan ən azı beş dəfə dron daşıyıb.
Bəs bu gizli göndərişin son məqsədi nədir?
Mənbə xəbərdarlır edir ki, bu silahlar “İran İslam İnqilab Keşikçiləri Korpusu” (SEPAH) tərəfindən Qərbin hərbi texnologiyalarını kopyalamaq üçün istifadə oluna bilər.
Üstəlik, bu, İrandan gözlənilməz addım deyil. Mənbənin dediyinə görə, 2011-ci ildə istehsal olunan “Şahid” kamikaze dronları da oğurluqdur. Belə ki, dronlar ABŞ-ın pilotsuz uçan aparatlarının texnologiyası əsasında istehsal edilib.
Mənbə onu da vurğulayıb ki, İrandan Rusiyaya 200 milyon dollardan çox kamikadze pilotsuz uçan aparatların tədarükü üçün daha bir sövdələşmə aparılır.
Həm Moskva, həm də Tehran aylardır Ukraynaya qarşı İran dronlarının istifadə edilməsi ilə bağlı çoxsaylı xəbərləri təkzib edir. Amma ötən günlərdə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Rusiyaya dron verdiklərini etiraf edib. O, bunun Ukraynanın işğalından aylar əvvəl olduğunu deyib.
İngilis siyasi analitik Castin Bronk deyib ki, İran dronları Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin əsas elementlərindən birinə çevrilib. Onun sözlərinə görə, İran rus ordusunu “Şahid”lərlə təchiz etməsəydi, onun Ukraynanın elektrik infrastrukturuna və su sistemlərinə qarşı zərbələri daha az təsirli olardı.