12 Noyabr 2022 11:48
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) beynəlxalq arenada tanınması istiqamətində apardığı sıx diplomatiya öz bəhrəsini verməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının zirvə toplantısında ŞKTC-nin birliyə müşahidəçi üzv kimi qəbul edilməsi qərara alınıb.

Beləliklə, ŞKTC ilk dəfə konstitusion adıyla beynəlxalq təşkilata üzv olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmrəylik iradəsi nümayiş etdirən ölkələrə təşəkkür edib.

ŞKTC Prezidenti Ərsin Tatar ölkəsinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsini “tarixi addım” adlandırıb.

“Bu, tarixi qərardır. Şimali Kipr Türk Cümhuriyyətinin öz adı ilə beynəlxalq təşkilata üzv olması bizim iki dövlətli siyasi mübarizəmizi dəstəkləyir və bunun böyük önəmi var”, - Tatar bildirib.

Kipr lideri bu xoşbəxtliyi onlara yaşatdıqları üçün Prezident Ərdoğana, xarici işlər naziri Mövlud Çavuşoğluna və türk diplomatiyasına təşəkkür edib.

“Bu müsbət gəlişmədən daha da ruhlanaraq, şərəfli mübarizəmizi sürəti azaltmadan davam etdirəcəyik”, - Tatar deyib.

ŞKTC xarici işlər naziri Tahsin Ərtoğruloğlu da ölkəsinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv statusu ilə qəbul olunmasını coşğu və qürurla qarşıladıqlarını bildirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ev sahibliyi etdiyi sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Macarıstan Baş naziri Viktor Orban iştirak ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər