Türkiyə Silahlı Qüvvələri “Pəncə-Qılınc” əməliyyatı ilə Suriyanın şimalında terror hədəflərini məhv edir. Bundan əvvəl Suriyada dörd uğurlu quru əməliyyatı həyata keçirən türk qüvvələri Suriya Milli Ordusu (SMO) ilə birlikdə yeni əməliyyata hazırlaşır.
Teleqraf.com xəbər verir ki, Suriyanın Türkiyə sərhədində yerləşən Azez şəhərində yaşayan insanlar Türkiyə və SMO-nun Təl-Rıfatda əməliyyat keçirməsini və bölgənin PKK/YPG terror təşkilatından təmizlənməsini istəyirlər.
Terror təşkilatının işğalı altında olan Təl-Rıfata qonşu olan Azezdə cümə namazından sonra toplaşan izdiham PKK/YPG-nin hücumlarına etiraz edib.
Etirazçılar Türkiyə və SMO-nun mümkün quru əməliyyatına dəstək verdiklərini bildiriblər. İştirakçılar “Suriya bizimdir”, “Torpaqlarımızda terror təşkilatının olmasını istəmirik” şüarları səsləndiriblər.
Aksiyaya qatılan təl-rıfatlılar Türkiyəni sona qədər dəstəkləyəcəklərini deyiblər. PKK terrorundan əziyyət çəkən bölgə sakinləri yeganə ümidlərinin Türkiyə olduğunu dilə gətiriblər.
PKK/YPG terror təşkilatı altı ildir ki, Suriyanın şimalındakı Təl-Rıfat və Mənbiç şəhərlərini işğal altında saxlayır. PKK/YPG türk ordusunun “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatları ilə terrorçulardan təmizlədiyi Afrin, Mare, Əl-Bab və Serablus kimi bölgələrə təşkil etdiyi hücumlarda Təl-Rıfat və Mənbiçdən baza kimi istifadə edir.