Fransa Prezidenti Emmanuel Makron ABŞ-a beş günlük səfəri zamanı müxtəlif mövzuları müzakirə etdi. İki ölkə arasında bir sıra məsələlərdə fikir ayrılıqları var. Buna baxmayaraq, Rusiya və Çin mövzusunda Vaşinqtonla Paris arasında ortaq baxış mövcuddur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilir.
Mərkəzin ekspertlərinin fikrincə, Vaşinqton və Paris Rusiya və Çinin siyasətini beynəlxalq aləm üçün ciddi təhdid kimi qiymətləndirir:
“Buna baxmayaraq, ABŞ və Fransa Rusiya və Çinə müxtəlif mesajlar da göndərirlər. Məsələn, ABŞ Prezidenti Co Bayden tez-tez deyir ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırsa, Vladimir Putinlə dialoqa hazır olacaq. Ancaq Kremlin hələ ki, Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq planı yoxdur.
Bu arada, Böyük Britaniya Baş naziri Rişi Sunak Rusiya və Çinə qarşı sərt siyasətin davam etdirilməsini dəstəkləyir.
Rusiyanın BMT Nizamnaməsinin fundamental prinsiplərinə zidd hərəkət etdiyin deyən Sunak Çinin siyasətindən də narazıdır: “Pekin dövlət alətlərindən istifadə edərək dünyada qlobal təsirini artırmağa çalışır. Bu, beynəlxalq aləm üçün ciddi təhdiddir. Qərb ölkələri Rusiya və Çinə qarşı mübarizədə ritorikadan çox praqmatik siyasətə üstünlük verməlidir”.
Sunak “praqmatik siyasət” dedikdə Pekinin təsir imkanlarının azaldılmasına çalışdığını nəzərdə tutub. Sunak bunu Britaniya və digər Qərb ölkələrinin təhlükəsizliyi üçün önəmli hesab edir.
Sunak Çinlə ticari-istisadi əlaqələrin perspektivinə inanmayaraq, Pekini sıxışdırmağın vacib olduğuna inanır: “Çinlə bağlı siyasətimizi dəyişdirməliyik. Çinlə “qızıl əməkdaşlıq” dövrü arxada qaldı. Çinlə ticarətin bu ölkədə sosial və siyasi islahatları dərinləşdirəcəyi ideyası özünü doğrultmadı”.
Məqalədə vurğulanır ki, Rişi Sunakdan əvvəlki hökumət də Çinlə əməkdaşlığın miqyasını azaltmağa çalışırdı:
“Məsələn, London Çinin nəhəng “Huawei” şirkəti ilə 5G texnologiyasının yaradılması layihəsini dayandırdı. Bundan başqa, Çinin Britaniyada texnoloji şirkətlər alması qadağan edildi. Bütün bunlar Çin-Britaniya münasibətlərinə mənfi təsir etdi.
Beləliklə, başda ABŞ və Britaniya olmaqla Çin şirkətlərinə Qərb ölkələrində texnologiyalara çıxış imkanı məhdudlaşdırılıb. Pekin bunu bazar iqtisadiyyatı və beynəlxalq ticarət qaydalarına zidd addımlar kimi qiymətləndirib. Pekinin iradlarına baxmayaraq, Qərb keçmiş illərdən fərqli olaraq Çinlə iqtisadi və ticari əlaqələrdə ehtiyatlı olacaq”.