Qlobal silah ticarəti müqaviləsi bü gündən qüvvəyə minib.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun deyib. Onun sözlərinə görə, bu anlaşma dünyadakı milyard dollarlıq silah ticarətinin tənzimlənməsi məqsədini güdür: “Ümid edirəm ki, müqavilə silahların diktatorların, terrorçuların, cinayət təşkilatları və insan hüquqlarını pozanların əlinə keçməsinin qarşısını almasına yardımçı olacaq”.
Pan Gi Mun qeyd edib ki, anlaşma müharibə cinayəti ya da soyqırımda istifadə ediləcək silahların satışını qadağan edir və qanunsuz silah ticarətinin azaldılması məqsədini güdür.
130 ölkənin imzası olan müqaviləni yalnız 60 hökumət ratifikasiya edib.
Ən çox silah ixracı ilə məşğul olan 10 ölkədən Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərə müqaviləni təsdiq etsə də, Çin, Rusiya, Hindistan və Pakistan kimi digər böyük silah ixracatçıları anlaşmanı imzalamayıb.
BMT-nin baş katibi bütün ölkələri gecikmədən müqaviləni imzalamağa çağırıb.
Samir