3 Fevral 2023 20:43
5 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarda Afrika ölkələrinə səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başına iki xoşagəlməz sürpriz gəlib.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

Son iki həftə ərzində Rusiya KİV-i Lavrovun Afrika qitəsinə səfərini gündəmdə saxlayırdı. Rusiyanın baş diplomatı dörd ölkəyə səfər edib. Bununla belə, iddiaya görə, Lavrovun Afrika turnəsi rus mediasının təbliğ etdiyi qədər uğurlu olmayıb.

“Bu səfərdə Lavrovun başına iki xoşagəlməz sürpriz gəlib, bu səbəbdən iki ölkəyə getməkdən imtina edib. Yaddaşım məni yanıltmırsa, bu, ilk dəfədir”, - Kuleba bildirib.

Ukraynalı diplomat söhbətin hansı ölkələrdən getdiyini deməyib, amma Rusiya mətbuatı Lavrovun Botsvanaya səfərə hazırlaşması barədə məlumat yaymışdı. Ancaq rusiyalı nazir orada olmayıb.

Məlumata görə, Lavrov Qana və Mavritaniyaya da səfər etməyi planlaşdırıb. Bu iki ölkə “Vaqner” qrupunun regiondakı fəaliyyətindən narazılıqlarını açıq şəkildə bildirib. Lavrov Mavritaniyaya getməliydi, amma yerli mətbuatda ölkə prezidentinin onunla görüşəcəyinə şübhə edirdi.

“Bunu niyə edə bilmədiyini bilirəm. Bu, bir siqnaldır. Dünənə qədər elə görünürdü ki, guya Rusiya Afrikada qeyd-şərtsiz hökmranlıq edir, hər yerdə qapılar üzünə açıqdır, hamı qucağını açıb onu gözləyir. Amma bu nöqtədə birdən problem yaranır”, - Kuleba əlavə edib.

Afrika ölkələrinin əksəriyyəti Ukraynadakı müharibə ilə bağlı neytral mövqe tutub. Rusiyaya sanksiya tətbiq etmirlər, Ukraynaya silah vermirlər.

Prezident Vladimir Zelenskinin sözlərinə görə, Afrika Ukrayna diplomatiyasının əsas strateji çatışmazlıqlarından biridir, yaxın gələcəkdə bura diqqət artırılacaq.

Rusiya isə uzun illərdir qitə ölkələrinə təsirini gücləndirməyə çalışır. Bəzi ölkələrdə “Vaqner” qrupunun hesabına önəmli irəliləyiş əldə edə bilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər