Koreya Respublikası NATO-nun Asiya analoqunu yaratmağa cəhd göstərmir, lakin beynəlxalq sabitliyi və sülhü təmin etmək üçün Şimali Atlantika Alyansı ilə tərəfdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Teleqraf.com xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Park Jin Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı söyləyib. O bildirib ki, Koreya Respublikası NATO-nun Asiya variantını yaratmağı qarşısına məqsəd qoymur, lakin bu təşkilatla əməkdaşlığı genişləndirmək istəyir. Çünki Avropada cərəyan edən hadisələr geosiyasi vəziyyətə, Asiyada sabitliyə və sülhə birbaşa təsir edir və əksinə.
Nazir vurğulayıb ki, Koreya Respublikası NATO-nun qlobal tərəfdaşı qismində alyans ölkələri ilə mövcud çağırışların öhdəsindən birgə gəlməyin yollarını, eləcə də Ukraynadakı münaqişəyə son qoymaq cəhdlərini müzakirə etmək niyyətindədir. Koreya yarımadasında və regionda sabitliyin təmin edilməsinə NATO-nun töhfə verməsi məsələsi müzakirələrin mövzusu ola bilər.
Park Jin ümidvar olduğunu bildirib ki, bu cür qarşılıqlı fəaliyyət NATO və Asiyanın Koreya Respublikası və Yaponiya kimi ölkələrinin maraqlarına uyğun olaraq davam edəcək.