“Rusiya Kiyev rejimini tələsik addımlara qarşı xəbərdar edir və beynəlxalq təşkilatları Ukraynanın radioaktiv maddələrdən istifadə edərək təxribat hazırlaması ilə bağlı məlumatlara diqqət yetirməyə çağırır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Müvafiq beynəlxalq təşkilatları bu məlumatlara ciddi yanaşmağa çağırırıq. Kiyev rejimini və onun Qərbdəki sponsorlarını minlərlə mülki insanın həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı tələsik addımlarına qarşı xəbərdarlıq edirik”, - rusiyalı diplomat vurğulayıb.
Zaxarova həmçinin qeyd edib ki, taxıl daşınmasının həyata keçirildiyi Odessa limanları radioaktiv materialların Ukraynaya çatdırılması üçün istifadə oluna bilər:
“Ukraynanın bir sıra KİV-lərində, internet resurslarında və sosial şəbəkələrdə radioaktiv materialların Odessa limanlarına çatdırılması ilə bağlı yayılan məlumatları diqqətdə saxlayırıq. Onu da unutmaq olmaz ki, Ukraynanın adıçəkilən limanları taxıl daşınmasında istifadə olunur”.
Zaxarova iddia edir ki, fevralın 16-da radioaktiv maddələr və ingilis markalı konteynerlər Avropa dövlətlərindən birinin ərazisindən gömrük yoxlamasından yan keçərək Çernomorsk limanına gətirilib. Onun iddiasına görə, fevralın 19-da yükdaşıyıcılardan biri Odessa limanına “Kaliforniya-252” radioaktiv maddəsi olan oxşar konteynerlər çatdırıb.
“Qəbul edilən zaman limanda radioaktiv monitorinq sistemi söndürülüb. Araşdırma nəticəsində müəyyən edilib ki, bu radioaktiv maddənin tədarükçüsü radioaktiv izotoplar, xüsusilə neytron şüalanma vasitələri üçün konteynerlər istehsal edən Amerikanın “Frontier Technology Corp” şirkətidir”, - Rusiya rəsmisi söyləyib.
Eyni zamanda, Zaxarova qeyd edib ki, Rusiya Ukraynanın Dnestryanı bölgə (Moldova) yaxınlığında radioaktiv materiallardan istifadə edərək təxribat törədə biləcəyinə dair məlumatlardan narahatdır.