Şimali Koreyanın ardıcıl ballistik raket sınaqları və Cənubi Koreya-ABŞ birgə hərbi təlimlərindən sonra Koreya yarımadasında gərginlik artırarkən, Pxenyandan sürpriz addım gəlib.
Teleqraf.com xəbər verir ki, Cənubi Koreyanın İnteqrasiya Nazirliyi Şimali Koreyanın iki ölkə arasındakı əlaqə kanallarını açıq saxlamaq üçün 4 gün ardıcıl olaraq gündə iki dəfə edilən rutin telefon zənglərinə cavab vermədiyini açıqlayıb.
Nazirlik hökumətin baş verənləri izləyəcəyini və lazımi reaksiyanı verəcəyini bildirib: “Rəsmi mövqeyimizi ortaya qoymağımız çox çəkməyəcək”.
Cənubi Koreya Müdafiə Nazirliyi də hərbi xətt üzərindən edilən zənglərin 4 gündür cavabsız qaldığını açıqlayıb.
Zənglərə niyə cavab vermədiyi hələlik məlum olmayan Pxenyanın bu addımının Seul-Vaşinqton ittifaqının bölgədə keçirdiyi birgə hərbi təlimlərə reaksiya olduğu düşünülür. İki ölkə arasında müntəzəm təmasların dayandırılmasının yeni hərbi gərginliklərə yol aça biləcəyi ilə bağlı narahatlıq var.
İki ölkə arasında rutin telefon danışıqları əvvəllər də müxtəlif səbəblərdən kəsilib. Pxenyan keçən ilin iyununda da Seulun zənglərini cavabsız qoymuşdu.