İngiltərənin “Röyter” agentliyi inşası tamamlanaraq Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilən dünyanın ilk PUA gəmisi “TCG Anadolu”dan yazıb.
Teleqraf.com xəbər verir ki, ingilis agentliyi Türkiyənin dünyada bir ilk olan “Anadolu”ya 50 PUA yerləşdirəcəyini bildirib.
“Röyter” bunun həm də Türkiyənin ilk amfibiya hücum gəmisi olduğunu qeyd edib.
Təhlildə “TCG Anadolu”nun Türkiyənin regional liderlik mövqeyini gücləndirəcəyinə diqqət çəkilib:
“Ölkənin 232 metr uzunluğundakı ən böyük döyüş gəmisində - “TCG Anadolu”da 30-dan 50-yə qədər PUA yerləşdirməyi nəzərdə tutan Türkiyə bu həmləsi ilə dünyada yeni bir cığır açacaq. Dünyada ilk dəfə “PUA sürüsü” taktikasından istifadə edən Türkiyə dəniz müharibəsi tarixinə yeni bir anlayış təqdim etməyə hazırlaşır”.
Türkiyə müdafiə sənayesinin yeni bəhrəsi olan dünyanın ilk PUA gəmisi “TCG Anadolu”nun 17-24 aprel tarixləri arasında vətəndaşların ziyarətinə açılacağı bildirilir.
Gəmi ötən günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimdə hərbi donanmaya təhvil verilib.