Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin göstərişi ilə orduda yoxlamaların aparıldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir bunun hərbi qüvvələrin hazırlığının yoxlanılması və təkmilləşdirilməsi məqsədilə edildiyini deyib.
Eyni zamanda, Şoyqu bu gün səhər saatlarında (Vladivostok vaxtı ilə) Sakit Okean Donanmasının döyüşə yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
“Yoxlamanın məqsədi silahlı qüvvələrin okean və dəniz ərazilərində potensial düşmənin təcavüzünü dəf etmək bacarığını təkmilləşdirməkdir. Donanma Baş Qərargahın əmrlərinə uyğun olaraq təlim planı tərtib etməklə qısa müddətdə döyüş əməliyyatlarına hazırlaşmalı, yaxın və uzaq dəniz zonalarında müəyyən döyüş hazırlığı keçirməli olacaq”, - müdafiə naziri söyləyib.
Şoyqu bu kontekstdə düşmənin Oxot dənizinin cənub hissəsi, Saxalin adası və Kuril adalarında mümkün yerləşməsinin qarşısının alınmalı olduğunu vurğulayıb. O, təftişin Rusiya Hərbi Dəniz Qüvvələrinin rəisi, admiral Nikolay Yevmenovun rəhbərliyi altında keçirildiyini deyib.