“Türkiyə son 20 ildə genişmiqyaslı texnoloji təşəbbüslərin həyata keçirilməsinə yönəlmiş dövlət siyasətinin bəhrəsini görür”.
Teleqraf.com “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə istehsalı olan ilk Yerin zondlama peykinin - İMECE-nin orbitə buraxılması mərasiminin iştirakçılarına videomüraciətində deyib.
O, “kosmik iqtisadiyyat”ın miqyasına diqqət çəkib:
“2009-cu ildə 245 milyard dollardan söhbət gedirdisə, 2021-ci ildə bu rəqəm 469 milyard dollara çatıb. Özü də bu rəqəm günü-gündən artır. Biz həm də Türkiyənin Milli Kosmos proqramının icrası fonunda qarşıya qoyulan vəzifələrin üst həddini daim qaldırırıq”.
Ərdoğan 3 il əvvəl Türkiyə Kosmik Agentliyinin yaradıldığını və onun planlarına Aya kosmik aparatın buraxılması, eləcə də ölkə vətəndaşının Beynəlxalq Kosmik Stansiyaya göndərilməsinin daxil olduğunu xatırladıb.
Siyasətçi texnoloji sahədə irəliləyişin Türkiyəni dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirəcəyinə əminliyini ifadə edib.