17 Aprel 2023 12:04
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qısa fasilədən sonra İranda məktəbli qızlara qarşı kimyəvi hücumlar yenidən artıb. Son sutka ərzində yüzlərlə gənc qız nəfəs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Demokratiyanı Müdafiə Fondu (FDD) məlumat yayıb.

FDD baş verənlərin sui-qəsd olduğunu, sifarişin molla rejimindən gəldiyini bildirir. Fond məktəblərdə qızları zəhərləmək üçün sinif otaqlarına naməlum kimyəvi maddələr səpildiyinə inanır.

BMT-nin ötən ay verdiyi bəyanatda deyilir ki, bu hədəflənmiş kimyəvi hücumlar nəticəsində yüzlərlə məktəbli qız xəstəxanaya yerləşdirilib.

“Məktəbli qızların, onların valideynlərinin fiziki və mənəvi rifahı və qızların əsas təhsil hüquqlarından istifadə etmək imkanlarından dərin narahatıq”, - BMT-nin bəyanatında bildirilir.

Eyni zamanda, İranın bir neçə universitetində tələbələr məcburi hicab və bu xüsusda qadınlara qarşı zorakılığa etiraz olaraq aksiyalar keçirirlər. Belə etirazlardan biri aprelin 27-dən Tehran Universitetində Psixologiya və Təhsil Elmləri fakültəsinin tələbələri tərəfindən başladılıb.

İran, xüsusən də Güney Azərbaycanda məktəbli qızlara zəhərli qaz hücumları 22 yaşlı Məhsa Əmininin ötən ilin sentyabrında polis tərəfindən işgəncə ilə öldürülməsindən sonra start götürüb. Gənc qadınlara qarşı kimyəvi hücumlar martda pik həddə çatıb. Novruz bayramı günlərində uşaqlar iki həftə dərsdən kənar qaldıqları üçün qısa müddətə dayandırılmışdı.

Ötən ilin noyabrında Qum şəhərində 15 məktəbin hədəfə alındığı ilk hücumlardan sonra İranın 31 vilayətində minlərlə məktəbli qız zəhərli qaza məruz qalıb. Zərərçəkənlər sinif otaqlarında çürük portağal qoxusuna bənzər bir qoxu hiss etdiklərini, ardınca ürəkbulanma, baş ağrıları və nəhayət, nəfəs darlığı yaşadıqlarını deyirlər.

Bir çox böyük şəhərlərdə qız məktəblərinə hücumlar edildiyi bildirilir. Tehran, Ərdəbil, İsfahan, Şahin Şəhr, Kərəc və Kirmanşah eyni gündə hədəfə alınıb.

Bir neçə iranlı siyasətçi qızların təhsil almasına qarşı çıxan dini qrupları zəhərlənmələrdə günahlandırıb. Qumda özünü “Fədayin-e Velayət” adlandıran az tanınan qruplaşma məsuliyyəti öz üzərinə götürüb. Radikal qruplaşma qızların təhsil almalarını “İslam dininin pozulması” kimi baxır və qızların təhsilə davam edəcəkləri təqdirdə hücumları artıracaqları ilə hədələyib. Amma buna baxmayaraq, sözügedən qruplaşmaya qarşı heç bir tədbirin görülməməsi də diqqət çəkir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər