Qərb Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün səylərini artırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Erməni nəşri rəsmi Bakı və İrəvanın Qərbin səyləri ilə razılaşmaya yaxın olduğunu iddia edir:
“Beynəlxalq media dünən səhər xəbər verdi ki, Azərbaycan və Ermənistan liderləri həftəsonu Brüsseldə sülh danışıqlarını bərpa edəcəklər. Qərb müttəfiqləri müharibə edən qonşular arasında son insidentlərdən sonra vasitəçilik səylərini artırırlar. Britaniyanın “Financial Times” qəzeti görüşün hazırlanması ilə tanış olan üç rəsmiyə istinadla yazıb ki, Avropa Şurasının prezidenti Şarl Mişel bazar günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu, fevralda Münhen danışıqlarından və ötən həftə Vaşinqtonda xarici işlər nazirlərinin müzakirələrindən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.
Brüssel görüşünün elanı o mənada sürpriz oldu ki, Vaşinqton görüşündən sonra rəsmi dairələrdən həftənin sonunda Moskvada Əliyev-Paşinyan görüşünün gözlənildiyi barədə açıqlama gəlmişdi.
Xatırladaq ki, mayın 1-4-də Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd günlük danışıqlar baş tutub və sülh müqaviləsi layihəsinin yol xəritəsi müzakirə edilib. ABŞ dövlət katibi Blinken tərəflərin önəmli irəliləyiş əldə etdiyini açıqlasa da, Paşinyan Praqada bir sıra məsələlərdə razılığın olmadığını deyib.
Bütün bunların fonunda Brüsseldəki görüşlə bağlı məlumatı Britaniyanın nüfuzlu dövri nəşri yayıb. Maraqlıdır ki, bu görüşlə bağlı razılıq Moskvaya səfərlə bağlı açıqlamalardan sonra əldə olunub. Üstəgəl, ötən ilin dekabrından sonra rəsmi Bakı ilə İrəvan arasında Brüssel formatı ilə bağlı fikir ayrılıqları yaranmışdı.
Ötən il dekabrın 7-nə planlaşdırılan görüş Bakının üçtərəfli formatda, İrəvan isə dördtərəfli formatda israr etdiyi üçün baş tutmamışdı. Paşinyan ötən ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüşdə bildirmişdi ki, dördtərəfli formatın dekabrda Brüsseldə keçirilməsi ilə bağlı razılıq əldə olunub, amma Azərbaycan Fransanın iştirakına qarşı çıxıb.
Hər halda, Brüsseldə gözlənilən görüşün elanından bir neçə saat sonra Ermənistan hökuməti açıqlama verdi ki, Paşinyan mayın 9-da Putinin dəvəti ilə Moskvaya gedəcək, amma Paşinyan-Əliyevin növbəti görüşündən (Moskvada) bəhs edilmir”.
Erməni politoloq Qrant Məlik-Şahnazaryan Vaşinqtonda tərəflərin razılığa gəldiyini iddia edir:
“Tərəflər Vaşinqton görüşü zamanı əldə edilmiş razılaşmaları gizlədirlər. Razılaşmalar olmasaydı, Brüsseldə görüş planlaşdırılmazdı, orada əldə olunmuş razılaşmaları həyata keçirməyə çalışacaqlar”.
Ekspert diqqəti Vaşinqton müzakirələrinin ilk günündə irəliləyişdən danışıldığına, sonda isə tərəflərin bir sıra məsələlərdə razılığa gəlmədiyinə dair məlumatlara diqqət çəkir:
“Brüssel görüşü hələ də ictimaiyyətdən gizli saxlanılan razılaşmaların faktına çevriləcək və bu da öz növbəsində, yeni gəlişmələrin olacağından xəbər verir. İkinci sübut Azərbaycanın hərəkətləri ola bilər. Son vaxtlar tərəflər razılaşmaları nə qədər gizlətsələr də, müəyyən müddətdən sonra Azərbaycan tərəfinin hərəkətləri ilə gözə çarpır. Azərbaycan anlaşmanı yerinə yerinə yetirir. Azərbaycanın Tex (Dığ) kəndi istiqamətində irəliləməsi və ya Laçın yolunun başlanğıcında keçid məntəqəsinin yaradılması heç bir şübhə doğurmur ki, bunlar qarşılıqlı anlaşma ilə həyata keçirilib. Fikir verin ki, buna cəmi bir neçə gün etiraz etdilər, sonra mövzu bağlandı. Ermənistanla Azərbaycan arasında gedən prosesdir, buna faktdan sonra ictimaiyyətin razılaşmalardan xəbər tutduğu taktika da demək olar”.
Rusiyaya gəldikdə, Şahnazaryan Qərblə Moskvanın variantlarının arasında fərqlərin olduğunu deyir. Onun sözlərinə görə, Rusiya 10 noyabr sənədinin müddəalarının həyata keçirilməsinin zəruriliyini açıq şəkildə bəyan edir, Qərb isə bunda maraqlı deyil. Ekspert Qərbin yanaşmasının birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğun gəldiyini iddia edir.