Pakistan Rusiya neftinin alınması ilə bağlı uzunmüddətli sövdələşmədə maraqlıdır, amma ilk yükün ABŞ dolları ilə ödənilməsinə baxmayaraq, ödənişi ABŞ yox, Çin valyutası (yuan) ilə etməyi üstün tutur.
Teleqraf.com xəbər verir ki, bunu Pakistanın energetika naziri Xürrəm Dəstgir Xan deyib.
Onun sözlərinə görə, Pakistan alış-verişin daha çox yuanla həyata keçirilməsini istəyir, çünki ölkənin Çinlə bu valyuta ilə mübadilə sazişi var.
“Ümid edirik ki, bu, uzunmüddətli sövdələşməyə çevrilərsə, bu, rupi və Çin valyutası ilə əməliyyat olacaq. Bu valyuta mübadiləsi daha da genişlənməlidir ki, yarana biləcək digər imkanlardan yararlana bilək”, - Xan bildirib.
Endirimlə satılan Rusiya neftinin ilk partiyası bir ay ərzində Pakistana çatdırılacaq.
Pakistan aprelin 20-də Rusiyadan güzəştli neft almaq barədə anlaşma imzalayıb. Pakistan təmizlənmiş yanacaq deyil, yalnız xam neft alacaq. İlk sövdələşmə plana uyğun davam edərsə, idxalın sutkada 100 000 barelə çatacağı gözlənilir.
Qeyd edək ki, Pakistanla yanaşı, Hindistan da Rusiya neftini dollarla almaqdan imtina edib. Hindistan bunun qarşılığında Rusiyaya rupi və ya yuan təklif edir, Moskva isə bunu istəmir.