Rusiyanın Bryansk vilayətində “Mi-8” helikopteri havada alovlanaraq qəzaya uğrayıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, məlumatı bölgənin Fövqəladə Hallar Xidməti yayıb.
Hadisə vilayətin Ukrayna ilə həmsərhəd olan Klints şəhərində olub.
Qəza helikopterin mühərrikində yanğın səbəbindən baş verib. Helikopter şəhərin üzərində uzun müddət dövrə vurub və fərdi yaşayış evinin üzərinə düşüb. Nəticədə ev uçub.
Helikopterin hansı qurumun mülkiyyətində olduğu müəyyənləşdirilir. İtkilər barəsində məlumat verilmir.
***
14:53
Ukrayna ilə sərhəddən təxminən 50 km aralıda yerləşən Rusiyanın Bryansk vilayətinin Klintsi şəhərində helikopter qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Helikopter əvvəlcə havaya qalxdı, sonra güclü partlayış baş verdi”, - məlumatda deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, helikopter uzun müddət şəhərin üzərində dövrə vurub, daha sonra bir evin üzərinə düşüb.
“Hadisə yerindən yayımlanan videogörüntülərə əsasən, ehtimal etmək olar ki, helikopter havada partlayıb, onun zenit raketi ilə vurulması ehtimalı var”, - Ukrayna mətbuatı yazır.
Məlumatda Rusiya helikopterinin vurulduğu iddiasına da diqqət çəkilir.
Rusiyanın rəsmi qurumları hələlik yalnız qəza faktını təsdiqləyir.
Bu, son günlər Rusiya helikopterlərinin üçüncü düşməsidir. Dünən Primorsk vilayətində təcili eniş edən helikopter neft stansiyasına zərər verib. Daha ciddi olay işğal edilmiş Krımda baş verib. Qəzaya uğrayan helikopterin pilotlarının hamısı həyatını itirib.